Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət
28 May xalqımızın tarixində ən şərəfli və unudulmaz günlərdən biridir. Bu gün Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik arzularının gerçəkləşdiyi tarixi bir gündür. 1918-ci il mayın 28-də Azərbaycan Xalqı Cümhuriyyəti elan edilmiş və bununla da müsəlman Şərqində ilk demokratik, hüquqi və parlamentli respublika yaratmışdır. Bu böyük hadisə xalqımızın milli mübarizə ruhunun, azadlıq istəyinin və dövlət qurmaq bacarığının parlaq nümunəsidir. XX əsrin əvvəllərində dünyada və regionda mürəkkəb siyasi proseslər gedirdi. Çar Rusiyasının süqutundan sonra bir çox xalqlar kimi Azərbaycan xalqı da öz taleyini özü müəyyən etmək imkanı qazandı. Milli ziyalılarımız və vətənpərvər şəxslər xalqın gələcəyini düşünərək müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə başladılar. Nəhayət, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edildi və Azərbaycan Xalqı Cümhuriyyətinin yaradıldığı elan olundu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddətdə çox mühüm işlər görüldü. Dövlət atributları – bayraq, gerb və himn qəbul edildi. Azərbaycan dili dövlət dili elan olundu. Parlament yaradıldı və burada müxtəlif millətlərin nümayəndələri təmsil olundular. Bu isə demokratiyanın və tolerantlığın yüksək səviyyədə olduğunu göstərirdi. Həmçinin qadınlara seçmək və seçilmək hüququ verilməsi Azərbaycan dövlətinin nə qədər müasir və demokratik düşüncəyə malik olduğunu sübut edirdi. O dövrdə bir çox Avropa ölkələrində qadınların belə hüquqları yox idi. Azərbaycan Xalq Cümhuriyyəti elm və təhsilin inkişafına da xüsusi diqqət yetirirdi. 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı. Bu ali təhsil ocağı ölkənin elm və təhsil tarixində mühüm rol oynadı. Eyni zamanda milli ordunun qurulması, iqtisadiyyatın inkişaf etdirilməsi və beynəlxalq əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atıldı. Lakin xarici müdaxilələr və siyasi çətinliklər nəticəsində 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətini dayandırdı və ölkə sovet hakimiyyətinə təslim oldu. Buna baxmayaraq xalqımızın ruhu heç vaxt sönmədi. 1991-ci ildə dövlət müstəqilliyimizin yenidən bərpa olunması Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisliyinin davamı oldu. Bu gün müstəqil Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin və İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçmişdir. Azərbaycanın dünyada nüfuzu artmış, iqtisadiyyatımız güclənmiş və ordumuz qüdrətlənmişdir.
- Zərdabi adına Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov


















