“Şəhərsalma və Memarlıq İli” Azərbaycanın inkişafına yeni töhfədir
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu ölkəmizin şəhərsalma və memarlıq sahəsində qazandığı uğurları bir daha nümayiş etdirdi. Forum zamanı Azərbaycanın müasir inkişafı, qədim memarlıq irsinin qorunması və gələcək şəhər layihələri haqqında mühüm fikirlər səsləndirildi. Tədbirdə xüsusi vurğulanan məsələlərdən biri də bu ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması oldu.
“Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi ölkəmizdə bu sahəyə verilən böyük əhəmiyyətin göstəricisidir. Son illərdə Azərbaycanın şəhər və kəndlərində geniş quruculuq işləri aparılır, müasir yaşayış kompleksləri, yollar, parklar və ictimai binalar tikilir. Bu işlər insanların rahat yaşayışı və şəhərlərin daha gözəl görünməsi üçün böyük rol oynayır. Bakı şəhəri bu inkişafın ən parlaq nümunəsidir. Paytaxtda həm qədim memarlıq abidələri qorunur, həm də müasir layihələr həyata keçirilir. İçərişəhər kimi tarixi məkanlarla yanaşı, yeni bulvarlar, parklar və müasir tikililər Bakının simasını daha da gözəlləşdirir. Şəhərin qədimliklə müasirliyi birləşdirən görünüşü xarici qonaqların da diqqətini cəlb edir. Bu il ərzində şəhərsalma və memarlıq sahəsində müxtəlif tədbirlərin, sərgilərin və layihələrin həyata keçirilməsi gözlənilir. Məqsəd həm milli memarlıq irsini qorumaq, həm də gələcək nəsillər üçün daha müasir və rahat yaşayış mühiti yaratmaqdır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri bu sahədə böyük əhəmiyyət daşıyır. Yeni şəhər və kəndlər müasir texnologiyalar əsasında qurulur.
Azərbaycanın qədim şəhərləri də öz memarlıq zənginliyi ilə seçilir. Şəki, Gəncə və Naxçıvan kimi şəhərlərdə yerləşən tarixi abidələr xalqımızın zəngin keçmişini yaşadır. Bu irsin qorunması ölkəmizin mədəniyyətinə və tarixinə olan hörmətin göstəricisidir.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu bir daha sübut etdi ki, Azərbaycan bu gün sürətlə inkişaf edən və gələcəyini düşünən ölkələrdən biridir. “Şəhərsalma və Memarlıq İli” isə ölkəmizin daha gözəl, müasir və rahat yaşayış məkanına çevrilməsi yolunda mühüm addım hesab olunur.
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal Əli Tağızadə

























