image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

Rəsmi Dövlət Bayramı

image-legitimaz-810x90

Rəsmi Dövlət Bayramı

 

Azərbaycan xalqının milli dövlətçilik tarixində Silahlı Qüvvələrin yaradılması və inkişafı xüsusi əhəmiyyətə malikdir. Müstəqil dövlətin əsas atributlarından biri olan milli ordunun formalaşdırılması Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynamışdır. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi və bu tarixin dövlət səviyyəsində qeyd olunması xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğuna böyük önəm verilmişdir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bu hadisə milli silahlı qüvvələrin formalaşmasının başlanğıcı kimi tarixə düşmüşdür. Əlahiddə Azərbaycan Korpusunun yaradılması gənc dövlətin öz təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq və müstəqilliyini möhkəmləndirmək istiqamətində atdığı ən mühüm addımlardan biri idi. Məhz həmin tarix sonralar Azərbaycan hərb tarixinin ən əlamətdar günlərindən biri kimi qəbul edilmişdir. Sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli ordu quruculuğu ənənələrinin inkişafı müəyyən məhdudiyyətlərlə qarşılaşsa da, Ümummilli Lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmış, yüzlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almasına şərait yaradılmışdır. Bu siyasət sonralar müstəqil Azərbaycan Ordusunun zabit korpusunun formalaşmasında mühüm rol oynamışdır. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası qarşısında duran əsas vəzifələrdən biri güclü milli ordunun yaradılması idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü şəraitində bu məsələ daha da aktuallaşmışdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğuna başlanıldı, hərbi hissələrin döyüş qabiliyyəti artırıldı və peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Ordusunun tarixinin və ənənələrinin yaşadılması, hərbi qulluqçuların əməyinə verilən yüksək dəyərin nümayiş etdirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev 22 may 1998-ci il tarixində mühüm fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bununla da 26 iyun ölkəmizdə rəsmi dövlət bayramları sırasına daxil edildi və hər il təntənəli şəkildə qeyd olunmağa başlandı. Silahlı Qüvvələr Günü təkcə hərbçilərin peşə bayramı deyil, həm də Azərbaycan dövlətçiliyinin gücünü, xalqın orduya olan inamını və vətənpərvərlik ruhunu ifadə edən əlamətdar gündür. Bu bayram Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu, hərbi qulluqçuların Vətən qarşısındakı xidmətlərini və dövlətin müdafiə qüdrətini nümayiş etdirir. Hər il 26 iyun tarixində ölkənin müxtəlif bölgələrində rəsmi tədbirlər, hərbi paradlar, görüşlər və anım mərasimləri keçirilir, Silahlı Qüvvələrin inkişafına töhfə vermiş şəxslərin xidmətləri yüksək qiymətləndirilir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchiz olunması, hərbi peşəkarlığın artırılması, beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi nəticəsində Silahlı Qüvvələr regionun ən güclü ordularından birinə çevrilmişdir. Bu inkişafın məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsi zamanı tarixi Qələbə qazanaraq ölkənin ərazi bütövlüyünün bərpasını təmin etmişdir. 22 may 1998-ci il tarixli fərmanla 26 iyun gününün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilməsi milli ordu quruculuğu tariximizin dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin hərbi irsinə verilən yüksək dəyərin ifadəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın güclü orduya malik dövlət kimi inkişaf etməsinin və hərbi ənənələrinin yaşadılmasının mühüm göstəricisidir. 26 İyun – Silahlı Qüvvələr Günü bu gün də xalqımızın qürurla qeyd etdiyi ən əlamətdar dövlət bayramlarından biri olaraq milli birlik, vətənpərvərlik və dövlətçilik dəyərlərinin təntənəsinə çevrilmişdir.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi  Kərimova Ülviyyə Mayis qızı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki