Regionların İnkişafı və Kənd Təsərrüfatında Böyük Nailiyyətlər
Azərbaycanda son illərdə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində regionların sosial-iqtisadi inkişafı və kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar ölkənin bütün bölgələrində infrastrukturun yenilənməsinə, kənd təsərrüfatının inkişafına və əhalinin rifahının yüksəlməsinə geniş imkan yaratmışdır. Bu gün azad edilmiş torpaqlar istisna olmaqla ölkə üzrə qazlaşmanın səviyyəsinin 96 faizə çatması regionların inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Elektrik enerjisi ilə təminat sahəsində də ölkədə heç bir problem mövcud deyil. Azərbaycan artıq nəinki daxili tələbatını tam ödəyir, eyni zamanda böyük ixrac potensialına malik enerji ölkəsinə çevrilmişdir. Bu isə iqtisadi inkişafın və dayanıqlı enerji siyasətinin uğurlu nəticəsidir.
Regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir. Yeni magistral, şəhərlərarası və kənd yollarının tikintisi insanların rahat gediş-gəlişini təmin etmiş, kənd təsərrüfatı məhsullarının bazarlara çıxışını asanlaşdırmışdır. Eyni zamanda Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi böyük su anbarlarının inşası və kanalların yenidən qurulması su təminatının yaxşılaşdırılmasına, əkin sahələrinin genişlənməsinə və məhsuldarlığın artmasına mühüm təsir göstərmişdir. Kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilən dövlət proqramları aqrar sahəyə yeni nəfəs vermişdir. Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq və digər sahələrin inkişafı ilə bağlı proqramlar kənd təsərrüfatı məhsullarının istehsalında böyük artıma səbəb olmuşdur. Dövlət dəstəyi nəticəsində fermerlərin maddi imkanları genişlənmiş, müasir texnologiyaların tətbiqi sürətlənmiş və ixrac potensialı artmışdır. Bütün bu uğurlar göstərir ki, regionların inkişafı və kənd təsərrüfatının gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Həyata keçirilən layihələr ölkənin iqtisadi qüdrətini artırmaqla yanaşı, kənd əhalisinin sosial rifahının yaxşılaşmasına, yeni iş yerlərinin yaradılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Gələcəkdə də bu sahədə görüləcək işlər Azərbaycanın davamlı inkişafını daha da sürətləndirəcəkdir.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


















