Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik.
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında sosial infrastrukturun yenilənməsi və müasirləşdirilməsi xüsusi yer tutur. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində son illərdə regionlarda genişmiqyaslı quruculuq işləri aparılmış, yeni məktəblər, xəstəxanalar, idman kompleksləri və digər sosial obyektlər istifadəyə verilmişdir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramları ölkənin bütün bölgələrinin simasını dəyişmiş, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə mühüm töhfə vermişdir. Sosial infrastruktur layihələrinin uğurlu icrası həm vətəndaşların rifahının yaxşılaşmasına, həm də regionların iqtisadi potensialının güclənməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu siyasətin əsas istiqamətlərini aydın şəkildə ifadə edir. Dövlət başçısı qeyd edib ki: “Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.”
Kənd təsərrüfatının inkişafı yalnız iqtisadi məsələ deyil, eyni zamanda sosial rifahın təmin olunmasına xidmət edən mühüm istiqamətdir. Regionlarda yaradılan müasir sosial infrastruktur kənd əhalisinin həyat şəraitinin yaxşılaşmasına, gənclərin kənd yerlərində yaşayıb işləməsinə stimul verir. Xüsusilə yeni məktəblərin və səhiyyə müəssisələrinin tikilməsi insanların dövlət siyasətinə inamını daha da artırır. Eyni zamanda, aqrar sahəyə göstərilən dövlət dəstəyi regionlarda məşğulluğun genişlənməsinə və kənd yerlərində iqtisadi fəallığın artmasına səbəb olur. Fermerlərə subsidiyaların verilməsi, texniki təminatın gücləndirilməsi və aqrar sahədə innovativ yanaşmaların tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edir. Bu siyasət insanların torpağa bağlılığını möhkəmləndirir və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial və iqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Sosial infrastruktur layihələri ilə kənd təsərrüfatının inkişafının paralel şəkildə həyata keçirilməsi regionların davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Bu uğurlu siyasət nəticəsində Azərbaycan bölgələri müasir inkişaf mərhələsinə qədəm qoyur və ölkənin gələcək iqtisadi gücü daha da möhkəmlənir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru



















