Qeyri-neft sektoru bu ilin 8 ayında 5,4 faiz artmışdır
İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan daim dayanıqlı inkişafı ilə diqqətdədir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruması da bunun bariz nümunəsidir. Ölkəmizin malik olduğu resurslardan səmərəli istifadə etmək üçün atdığı addımlar davamlı xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafında da özünün aydın ifadəsini tapır. Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən əsas amillərdən biri kompleks tədbirlərin həyata keçirilməsidir.
Belə ki, hər bir sahənin inkişafı ilə bağlı konkret Dövlət Proqramları qəbul edilir və uğurla icra olunur. Hədəfə yüksək səviyyədə nail olmağın icra mexanizmləri həmin sənədlərdə öz əksini tapır. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bir daha bu reallıqlara diqqət yönəldildi. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır”, “Neft kapitalını insan kapitalına çevirək!” kimi hədəflər artıq reallığa çevrilib. Bu hədəflərə nail olmaq üçün Regional inkişaf proqramları qəbul edildi. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilib. Bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli Proqramdır. Ondan sonra bir neçə beşillik Proqram qəbul edilib. Həmin sənədlərdə hər bir bölgənin malik olduğu potensial və onlardan səmərəli istifadəni təmin etmək üçün icra mexanizmləri öz əksini tapmışdı. Bölgələrdə infrastruktur layihələrinin icrası prioritet məsələ kimi diqqətdədir. Bu layihələrin icrası bu gün də davam edir. Cənab İlham Əliyev bunu şərtləndirən mühüm amillərdən biri kimi əhalinin, məşğulluğun, iqtisadiyyatın artmasını xüsusi qeyd edir. Dövrün, zamanın tələblərinə uyğun olaraq daim mövcud proqramlara əlavələr edilir, yaxud yeni sənədlər qəbul olunur.
Bu gün ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız “Azəri-Çıraq-Günəşli” artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Bu templəri sabitləşdirmək lazımdır.
Eyni zamanda yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur.Yəni qeyri-neft sənayesi sahəsində Azərbaycan yaxşı nəticələr göstərir və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edir.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

























