Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir.
Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, burada məqsəd yalnız dəmir filizinin hasilatı deyil, xammalın ölkə daxilində daha yüksək əlavə dəyərə malik məhsula çevrilməsidir. Beləliklə, mədənçiliklə metallurgiya arasında birbaşa istehsal əlaqəsinin qurulması və Azərbaycanın qara metallurgiya sənayesinin xammal bazasının möhkəmləndirilməsi qarşıya məqsəd qoyulur. “Filizçay” polimetal yatağı üzrə layihə də uzunmüddətli iqtisadi perspektivə malik strateji layihələr sırasındadır. Yatağın istismarı çərçivəsində 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi nəzərdə tutulur. Layihənin istismar müddəti 34 il olaraq qiymətləndirilir. Bununla belə, yatağın tam gücü ilə istismara verilməsi 2031-ci ilin sonuna planlaşdırılır. Bu fakt onu göstərir ki, 2027–2030-cu illər proqramın əsas investisiya və hazırlıq mərhələsini təşkil edir, bəzi iri layihələrin tam istehsal gücünə çatması isə proqramdan sonrakı dövrdə də davam edəcək. Dövlət Proqramının dördillik icrası üçün mühüm maliyyə bazası da müəyyənləşdirilib. 2027–2030-cu illər ərzində proqram üzrə ümumi investisiya ehtiyacının 5,3 milyard manat olacağı hesablanır. Bu vəsaitin dövlət büdcəsi, dövlət müəssisələrinin vəsaitləri, borc kapitalı və özəl investisiyalar hesabına formalaşdırılması nəzərdə tutulur. Belə geniş investisiya portfelinin dörd il ərzində səmərəli şəkildə reallaşdırılması layihələrin vaxtında maliyyələşdirilməsini və icra intizamının yüksək səviyyədə təşkilini tələb edir. Dövlət Proqramında yalnız investisiya və istehsal layihələri deyil, konkret iqtisadi nəticələr də müəyyənləşdirilib. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu göstəricilər proqramın dördillik icrasının nəticələrinin yalnız görülmüş işlərin sayı ilə deyil, iqtisadi göstəricilərlə də qiymətləndiriləcəyini göstərir. Proqram çərçivəsində alüminium sənayesinin inkişafı üzrə də konkret hədəflər müəyyənləşdirilib. Elektroliz zavodunun illik istehsal gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması planlaşdırılır. “Azəralüminium”un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata yüksəldilməsi də hədəflər sırasındadır. Mis, qızıl və gümüş istehsalının genişləndirilməsi də proqramın mühüm istiqamətidir. Bu məhsullar üzrə ümumi ixracın 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata çatdırılması nəzərdə tutulur. Beləliklə, dördillik icra müddəti ərzində sektorun ixrac strukturunda əhəmiyyətli dəyişikliklərin əldə edilməsi qarşıya məqsəd qoyulur. Dövlət Proqramının icrası nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılması planlaşdırılır. Yeni iş yerlərinin əsasən regionlarda yerləşən mədən, emal və metallurgiya layihələri hesabına formalaşması nəzərdə tutulur. Bu, proqramın yalnız sənaye istehsalına deyil, regional məşğulluğa və sosial-iqtisadi inkişafa da təsir göstərməsini nəzərdə tutur. Dörd il ərzində proqramın tam icrası üçün dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Proqramın icrasının əlaqələndirilməsi və nəzarəti Nazirlər Kabinetinə həvalə olunub. İcra vəziyyəti barədə Prezidentə ildə bir dəfə məlumat verilməsi nəzərdə tutulur. Monitorinq və qiymətləndirmənin isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilməsi müəyyənləşdirilib. Bu mexanizm proqramın icrasının mütəmadi izlənilməsinə və müəyyən edilmiş göstəricilərdən yayınmaların vaxtında aşkarlanmasına imkan yaradır.
Burada əsas məsələ proqramın qəbul edilməsi ilə işin başa çatmamasıdır. Əksinə, proqramın təsdiqindən sonra onun icra mərhələsi başlayır. Dörd illik müddət ərzində layihələrin maliyyələşdirilməsi, texniki əsaslandırmaların hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması, avadanlıqların alınması, kadr hazırlığı, infrastrukturun qurulması və istehsalın işə salınması ardıcıl şəkildə həyata keçirilməlidir. Prezident İlham Əliyevin proqramların konkret müddətdə icra olunması ilə bağlı mövqeyinin mahiyyəti də məhz bundan ibarətdir: dövlət proqramı ölçülə bilən nəticəyə çevrilməlidir. Sənəddə müəyyən edilmiş hər bir göstəricinin arxasında konkret layihə, maliyyə mənbəyi, məsul qurum və icra müddəti dayanmalıdır. 2027–2030-cu illər üzrə müəyyən edilmiş müddət bu baxımdan həm imkan, həm də məsuliyyət dövrüdür. 2027-ci ildə geoloji kəşfiyyat və yeni resursların müəyyənləşdirilməsi istiqamətində işlərin sürətləndirilməsi, 2028-ci ildə “Söyüdlü” layihəsində, 2029-cu ildə “Ortakənd” layihəsində ilk istehsalın təşkili, 2030-cu ildə isə “Daşkəsən” layihəsində istehsala başlanılması proqramın zaman ardıcıllığını formalaşdırır. Dördillik müddətin digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, proqramın sonunda əldə olunan nəticələr konkret rəqəmlərlə müqayisə edilə biləcək. Sektorun ÜDM-ə töhfəsinin 1,8 milyard manata, ixrac potensialının 3,4 milyard manata çatdırılması, alüminium ixracının 510 milyon manata yüksəldilməsi, mis-qızıl-gümüş ixracının 1,6 milyard manata çatdırılması və 5 mindən çox daimi iş yerinin yaradılması 2030-cu ildə proqramın icrasının qiymətləndirilməsi üçün əsas göstəricilər olacaq. Bu yanaşma dövlət proqramlarının hazırlanması ilə yanaşı, onların icra intizamının da dövlət idarəçiliyinin əsas elementlərindən biri olduğunu göstərir. Qəbul edilmiş qərarın vaxtında və tam yerinə yetirilməsi dövlət siyasətinin nəticəyönümlülüyünün mühüm göstəricisidir. “Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir” müddəası 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının əsas icra fəlsəfəsini ifadə edir. Qarşıdakı dörd il ərzində 5,3 milyard manatlıq investisiya portfelinin reallaşdırılması, yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, hasilat və emal müəssisələrinin yaradılması, metallurgiya istehsalının genişləndirilməsi, ixrac potensialının artırılması və 5 mindən çox yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur. Əsas məqsəd qəbul edilmiş qərarların kağız üzərində qalmasına yol verməmək, müəyyən edilmiş layihələri vaxtında icra etmək və 2030-cu ilin sonuna qədər ölçülə bilən iqtisadi nəticələr əldə etməkdir. Bu baxımdan 2027–2030-cu illər Azərbaycan dağ-mədən və metallurgiya sənayesinin inkişafında konkret nəticələrin əldə edilməli olduğu dördillik icra mərhələsi kimi xarakterizə olunur.
Veteran müəllim Etibar Niftəliyev






















