image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1787501777820564605_1200x630

Qardaşlıqdan iqtisadi tərəfdaşlığa- Azərbaycan və Özbəkistanın birgə inkişaf gündəliyi

image-legitimaz-810x90

Qardaşlıqdan iqtisadi tərəfdaşlığa Azərbaycan və Özbəkistanın birgə inkişaf gündəliyi

 

Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi və mənəvi yaxınlığın müasir dövrün tələblərinə uyğun olaraq iqtisadi və institusional əməkdaşlıqla tamamlanmasının parlaq nümunəsidir. Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi fikirlər və əldə olunan razılaşmalar göstərir ki, Bakı ilə Daşkənd arasında əlaqələr artıq konkret fəaliyyət proqramları və qarşılıqlı faydaya əsaslanan layihələr üzərində qurulur.

İki ölkənin münasibətlərində iqtisadi əməkdaşlığın geniş spektri xüsusi əhəmiyyət daşıyır. Enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq və investisiya sahələrində həyata keçirilən layihələr tərəfdaşlığın praktiki mahiyyətini ortaya qoyur. Müxtəlif istiqamətlərin vahid əməkdaşlıq sistemində birləşdirilməsi hər iki ölkənin iqtisadi potensialının qarşılıqlı şəkildə tamamlanmasına imkan verir.

Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri investisiya fəaliyyətidir. Qarşılıqlı sərmayələrin artması iki ölkənin biznes mühitinin bir-birinə daha sıx inteqrasiyasına şərait yaradır. İnvestisiya fondlarının fəaliyyəti, turizm və avtomobil sənayesinə yönələn layihələr, eləcə də digər sahələrdə həyata keçirilən təşəbbüslər gələcəkdə daha böyük iqtisadi nəticələrin əldə olunması üçün əsas yaradır.

İqtisadi tərəfdaşlığın real nəticələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakı fonunda da özünü göstərir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş müəssisəsinə investisiya qoyuluşu və digər təşəbbüslər Özbəkistanın Azərbaycanın bərpa və yenidənqurma gündəliyinə verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr qardaşlıq münasibətlərinin real əməli fəaliyyətlə ifadə olunmasının göstəricisidir.

Azərbaycan–Özbəkistan əməkdaşlığının digər mühüm tərəfi regionlararası əlaqələrin gücləndirilməsidir. Regionlararası əməkdaşlıq forumlarının keçirilməsi yalnız dövlət qurumları arasında deyil, həm də sahibkarlar və yerli iqtisadi subyektlər arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradır. Bu isə əməkdaşlığın Bakı və Daşkənd çərçivəsindən çıxaraq daha geniş coğrafiyanı əhatə etməsinə şərait yaradır.

Münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi strateji məsələlərin müntəzəm və sistemli şəkildə müzakirə olunması baxımından mühüm mexanizmdir. Bu format vasitəsilə müəyyənləşdirilən prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsi ikitərəfli əlaqələrin davamlılığını təmin edir.

Azərbaycan və Özbəkistanın birgə inkişaf gündəliyi bununla məhdudlaşmır. Ölkələr arasında nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi körpülərin möhkəmləndirilməsi və yeni ticarət marşrutlarının inkişaf etdirilməsi regional əməkdaşlığın əhəmiyyətini daha da artırır.

Azərbaycan–Özbəkistan münasibətləri müasir beynəlxalq münasibətlərdə uğurlu tərəfdaşlıq modelinin formalaşdığını göstərir. Mənəvi yaxınlıq siyasi iradə, iqtisadi maraqlar isə konkret layihələrlə tamamlanır. Bu möhkəm əsaslar üzərində qurulan əməkdaşlığın gələcəkdə daha böyük investisiyalara, geniş iqtisadi əlaqələrə və yeni regional təşəbbüslərə çevrilməsi üçün bütün imkanlar mövcuddur. İki qardaş ölkənin birgə fəaliyyəti həm xalqlarımızın rifahına, həm də regionda sabitlik və davamlı inkişafın möhkəmlənməsinə xidmət edəcəkdir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki