Qardaş dəstəyi Qarabağın dirçəlişində yeni həmrəylik nümunəsidir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri yalnız ölkəmizin iqtisadi imkanlarının deyil, həm də Türk dünyasının həmrəyliyinin və qardaşlıq münasibətlərinin real ifadəsinə çevrilib. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan üçün Qarabağ və Şərqi Zəngəzurun bərpası tarixi ədalətin bərpası ilə yanaşı, gələcəyə hesablanmış böyük quruculuq layihəsidir. Bu prosesdə dost və qardaş ölkələrin göstərdiyi mənəvi və praktiki dəstək isə xüsusi dəyər daşıyır. Çünki bu dəstək təkcə ayrı-ayrı layihələrin həyata keçirilməsi deyil, Azərbaycanın haqq işinə verilən siyasi və mənəvi qiymətin göstəricisidir.
Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi iki qardaş xalq arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların mühüm rəmzlərindən biridir. Müasir standartlara uyğun məktəb binasının yaradılması gələcəyə sərmayə qoyuluşudur. Burada təhsil alacaq uşaqlar üçün yaradılan imkanlar eyni zamanda Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək nəsillərə ötürülən canlı nümunəsidir.
Qazaxıstanın Ağdamda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa etməsi də olduqca böyük simvolik məna daşıyır. İşğal illərində dağıdılmış bir şəhərdə uşaqların yaradıcılıq potensialının inkişafına xidmət edən belə bir mərkəzin yaradılması Qarabağın yeni simasının formalaşmasının göstəricisidir. Bu, dağıntıların yerini həyatın, mədəniyyətin və yaradıcılığın tutduğunu nümayiş etdirir.
Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi isə Türk dünyasının ortaq dəyərlərinin Qarabağda yaşadılmasının daha bir nümunəsidir. Manas adı türk xalqlarının ortaq tarixi-mədəni yaddaşında mühüm yer tutur. Bu adın Qarabağda fəaliyyət göstərəcək təhsil ocağına verilməsi qardaş xalqlar arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin bu yardımı yüksək qiymətləndirməsi təsadüfi deyil. Azərbaycan çətin və məsuliyyətli bərpa prosesində tək olmadığını bir daha görür. Mərkəzi Asiya dövlətlərinin Qarabağın dirçəlişinə verdiyi töhfələr Türk dünyasının həmrəyliyinin siyasi bəyanatlardan konkret əməli addımlara keçdiyini göstərir.
Bu gün Füzulidə, Ağdamda və Qarabağın digər şəhərlərində ucaldılan məktəblər, mərkəzlər və digər obyektlər yalnız yeni tikililər deyil. Onlar həm də dostluğun, qardaşlığın və ortaq gələcəyə inamın simvollarıdır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı isə bu həmrəyliyin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyinə əsas verir.
Qarabağda həyat yenidən canlanır. Bu dirçəlişin hər addımında Azərbaycanın iradəsi ilə yanaşı, Türk dünyasının sarsılmaz həmrəyliyi də öz əksini tapır. Füzulidə Mirzə Uluqbəy, Ağdamda Kurmanqazı və Manas adlarının yaşadılması isə tarixdən gələn qardaşlığın Qarabağın gələcəyində də yaşayacağını göstərən mühüm mənəvi körpülərdir.
Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini























