image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1784009146849421074_1200x630

Qarabağın bərpası Azərbaycan–Slovakiya tərəfdaşlığının yeni əməkdaşlıq müstəvisi kimi

image-legitimaz-810x90

Qarabağın bərpası Azərbaycan–Slovakiya tərəfdaşlığının yeni əməkdaşlıq müstəvisi kimi

 

Azərbaycan ilə Slovakiya arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri son illərdə yalnız siyasi dialoq və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində özünün praktik təzahürünü tapır. Bu əməkdaşlıq dövlətlər arasında qarşılıqlı etimadın, uzunmüddətli tərəfdaşlıq niyyətinin və regional sabitliyə birgə töhfə vermək istəyinin mühüm göstəricisidir.

Bu baxımdan Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi xüsusi diqqət çəkir. Layihə müasir texnologiyaların kənd təsərrüfatına, kommunal xidmətlərə və sosial infrastruktura inteqrasiyasını nəzərdə tutur. Bu təşəbbüs Azərbaycanın azad edilmiş ərazilərdə tətbiq etdiyi innovativ inkişaf modelinə beynəlxalq tərəfdaşların verdiyi praktiki töhfənin nümunəsidir. Xarici şirkətlərin bu prosesdə iştirakı göstərir ki, Qarabağın bərpası artıq beynəlxalq iqtisadi əməkdaşlığın yeni istiqamətlərindən birinə çevrilməkdədir.

Azərbaycanın həyata keçirdiyi yenidənqurma siyasətinin əsas məqsədi yalnız dağıdılmış yaşayış məntəqələrini bərpa etmək deyil, gələcəyin şəhər və kənd modelini formalaşdırmaqdır. Bu model ekoloji tarazlığın qorunmasını, rəqəmsal texnologiyaların tətbiqini, alternativ enerji mənbələrindən istifadəni və yüksək həyat standartlarının təmin edilməsini özündə birləşdirir. Slovakiya şirkətlərinin bu layihələrdə iştirakı Avropa təcrübəsinin Qarabağın bərpa prosesinə inteqrasiyasına da şərait yaradır.

Dövlət başçılarının görüşü zamanı müzakirə edilən məsələlərin əhatə dairəsi göstərir ki, Azərbaycan–Slovakiya münasibətləri çoxşaxəli xarakter daşıyır. İqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, energetika sahəsində yeni imkanların araşdırılması, sənaye kooperasiyası, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə aparılan müzakirələr tərəfdaşlığın davamlı inkişafına xidmət edir. Bu sahələr üzrə dövlət qurumlarının və mütəxəssislərin daimi təmasları qəbul edilən qərarların praktik müstəvidə həyata keçirilməsinə əlverişli şərait yaradır.

Qarabağa birgə səfərin həyata keçirilməsi də xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Xarici dövlət başçısının Azərbaycanın azad edilmiş ərazilərinə səfəri beynəlxalq ictimaiyyətə bölgədə aparılan genişmiqyaslı quruculuq işlərinin real nəticələrini nümayiş etdirməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən bərpa siyasətinə verilən dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər. Bu cür səfərlər beynəlxalq tərəfdaşların Qarabağın gələcək inkişafında maraqlı olduqlarını və əməkdaşlığı genişləndirmək niyyətini də göstərir.

Slovakiyanın Qarabağın bərpasında iştirakı Azərbaycan–Slovakiya münasibətlərinin yeni məzmun qazandığını göstərən mühüm amillərdən biridir. Siyasi tərəfdaşlığın konkret layihələrlə tamamlanması, innovativ inkişaf təşəbbüslərinin həyata keçirilməsi və qarşılıqlı etimad mühitinin möhkəmlənməsi iki ölkə arasında əməkdaşlığın perspektivlərinin daha da geniş olduğunu nümayiş etdirir. Qarabağın yenidən qurulması prosesində beynəlxalq tərəfdaşların iştirakı isə Azərbaycanın sülh, inkişaf və regional əməkdaşlıq siyasətinin uğurla həyata keçirildiyini bir daha təsdiq edir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki