Qarabağda dalğalanan üçrəngli bayraq Azərbaycan xalqının əbədi qələbəsinin, milli dövlətçilik ənənələrinin və müstəqillik iradəsinin rəmzidir
Azərbaycan xalqının milli dövlətçilik tarixində müqəddəs rəmzlər sırasında xüsusi yer tutan üçrəngli bayrağımız xalqımızın azadlıq, müstəqillik və milli birlik ideallarının ifadəsidir. Bu bayraq ilk dəfə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət rəmzi kimi qəbul edilmiş, xalqımızın istiqlal iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Aradan uzun illər keçsə də, Azərbaycan Bayrağı öz müqəddəsliyini və mənəvi dəyərini qoruyaraq bu gün də dövlət müstəqilliyimizin əsas simvollarından biri kimi uca tutulur.
Azərbaycan Bayrağı yalnız rənglərdən ibarət bir dövlət atributu deyil, xalqımızın tarixini, milli kimliyini, azadlıq uğrunda mübarizəsini və gələcəyə olan inamını özündə əks etdirən müqəddəs rəmzdir. Bayrağımızdakı mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına bağlılığı ifadə edir. Ay-ulduz isə xalqımızın milli-mənəvi dəyərlərinin rəmzidir. Bu mənada üçrəngli bayraq Azərbaycan xalqının keçmişi, bu günü və gələcəyi arasında möhkəm körpü rolunu oynayır.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız uzun illər dövlət rəmzi kimi istifadə edilmədi. Lakin xalqımızın qəlbində istiqlal arzusu heç zaman sönmədi. XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda üçrəngli bayrağın yenidən dövlət bayrağı kimi qaldırılması Azərbaycan xalqının müstəqillik əzminin təntənəsi oldu. Sonralar müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiqlənən üçrəngli bayraq milli dövlətçiliyimizin əsas simvoluna çevrildi.
Bu gün Azərbaycan Bayrağının işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanması xalqımızın tarixi qələbəsinin və milli birliyinin ən möhtəşəm təcəssümüdür. Uzun illər erməni işğalı altında qalan Qarabağ və Şərqi Zəngəzur torpaqlarında Azərbaycan bayrağının yenidən ucaldılması şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi hesabına mümkün olmuşdur. Bu böyük zəfər Azərbaycan dövlətinin gücünü və xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirmişdir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi qələbə qazandı. İşğal altında olan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Həmin günlərdə azad edilən hər bir yaşayış məntəqəsində üçrəngli bayrağımızın ucaldılması xalqımız üçün sonsuz qürur və sevinc mənbəyinə çevrildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında və digər azad olunmuş ərazilərdə dalğalanan Azərbaycan Bayrağı tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, hava limanları və digər mühüm infrastruktur layihələri həyata keçirilir. Bu torpaqlarda yenidən həyat canlanır, doğma yurdlarından didərgin düşmüş insanlar öz ata-baba torpaqlarına qayıdırlar. Hər bir bərpa olunan kənd və şəhərdə Azərbaycan Bayrağının ucaldılması dövlətimizin qüdrətinin və xalqımızın yenilməz ruhunun ifadəsidir.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Bayrağının dalğalanması gələcək nəsillərə mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan xalqı heç zaman öz torpaqlarının işğalı ilə barışmamış, daim haqq və ədalət uğrunda mübarizə aparmışdır. Məhz bu mübarizə nəticəsində üçrəngli bayrağımız yenidən Qarabağ səmasında dalğalanmağa başlamışdır. Bu, yalnız hərbi qələbə deyil, həm də milli qürurun, dövlətçilik ənənələrinin və tarixi yaddaşın zəfəridir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


























