Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ilə bağlı
Bu gün Azərbaycanın müxtəlif bölgələrində gedən dəyişikliklərə nəzər saldıqda bir məqam diqqəti cəlb edir: regionlarda insanların işləməsi və istehsalla məşğul olması üçün yeni imkanlar artır. Əvvəllər əsasən paytaxtda və böyük şəhərlərdə cəmləşən bəzi istehsal sahələri indi bölgələrdə də yaradılır. Sənaye parkları və aqroparklar bu prosesin mühüm hissəsinə çevrilib. Sənaye parklarının yaradılması ilə bölgələrdə yeni müəssisələrin fəaliyyət göstərməsi üçün daha əlverişli şərait yaranır. Burada müxtəlif məhsullar istehsal olunur, xammal emal edilir və sahibkarların fəaliyyət göstərməsi üçün lazımi infrastruktur yaradılır. Hazırda ölkədə Sumqayıt, Mingəçevir, Hacıqabul, Ağdam, Pirallahı, Qaradağ, Balaxanı və digər ərazilərdə sənaye parkları fəaliyyət göstərir. Naxçıvanda isə yeni sənaye parkının yaradılması istiqamətində işlər davam etdirilir.
Aqroparkların əhəmiyyəti isə kənd təsərrüfatının inkişafında özünü göstərir. Aqroparklarda torpaqdan daha səmərəli istifadə edilir, müasir texnologiyalar tətbiq olunur, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı həyata keçirilir. Belə təsərrüfatların yaradılması həm fermerlər üçün yeni imkanlar açır, həm də bölgələrdə kənd təsərrüfatının daha müasir formada inkişafına kömək edir. Sənaye parkları və aqroparkların bölgələrdə yaradılması insanların öz yaşadıqları ərazidə işləməsinə də imkan yaradır. Yeni müəssisələr fəaliyyətə başladıqca müxtəlif peşələr üzrə işçilərə ehtiyac yaranır. Bu isə regionlarda məşğulluğun artmasına və insanların iş dalınca başqa yerlərə getmək ehtiyacının azalmasına şərait yarada bilər. Digər mühüm məsələ yerli məhsulların istehsalı və emalıdır. Məsələn, kənd təsərrüfatı məhsullarının yalnız xammal kimi satılması əvəzinə onların emal olunaraq hazır məhsula çevrilməsi daha geniş imkanlar yaradır. Ağdam Sənaye Parkında tikinti materialları ilə yanaşı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz, ət və süd məhsullarının emalı, yem və gübrə istehsalı kimi istiqamətlər də nəzərdə tutulub. Bu cür müəssisələrin bölgələrdə yerləşməsi yerli iqtisadi fəallığı da artırır. Müəssisənin ətrafında nəqliyyat, xidmət, təchizat və digər sahələrə ehtiyac yaranır. Beləliklə, bir istehsal obyektinin fəaliyyəti təkcə həmin müəssisədə çalışan insanlara deyil, ətrafda fəaliyyət göstərən digər sahibkarlara da təsir edə bilər.
Sənaye parklarında sahibkarlar üçün müxtəlif dövlət dəstəyi mexanizmləri də tətbiq olunur. Hazır infrastrukturun yaradılması, vergi və gömrük güzəştləri sahibkarların istehsala başlamasını asanlaşdıran amillərdəndir. Bu imkanlar yeni müəssisələrin yaradılmasına və mövcud müəssisələrin fəaliyyətini genişləndirməsinə şərait yaradır. Bölgələrdə sənaye və kənd təsərrüfatının paralel inkişafı ölkə iqtisadiyyatının daha geniş əraziyə yayılmasına xidmət edir. Hər rayonun öz imkanına uyğun istehsal sahəsinin olması həm yerli resurslardan istifadəni yaxşılaşdırır, həm də həmin ərazilərin iqtisadi potensialını üzə çıxarır. Bu gün sənaye parkları və aqroparklar artıq yalnız bir istehsal sahəsi deyil, bölgələrin iqtisadi həyatının bir hissəsinə çevrilir. Qarşıdakı dövrdə belə layihələrin genişlənməsi regionlarda yeni müəssisələrin, yeni məhsulların və yeni iş imkanlarının yaranmasına şərait yarada bilər. Əsas məqsəd isə bölgələrin imkanlarından düzgün istifadə etməklə insanların rifahına və ölkənin ümumi iqtisadi inkişafına töhfə verməkdir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova


























