Prezident İlham Əliyevin dövlət dilinə dair baxışları: Azərbaycan dilinin qorunması və inkişafının müasir strateji istiqamətləri
Azərbaycan dili xalqımızın tarixi yaddaşını, milli kimliyini və dövlətçilik ənənələrini yaşadan ən mühüm mənəvi dəyərlərdən biridir. Müstəqil Azərbaycanın dil siyasətinin əsas məqsədi ana dilinin saflığının qorunması, zənginləşdirilməsi və cəmiyyət həyatının bütün sahələrində tətbiqinin genişləndirilməsidir. Prezident İlham Əliyevin çıxışlarında və dövlət siyasətində Azərbaycan dilinə münasibət yalnız hüquqi məsələ kimi deyil, milli təhlükəsizliyin, mədəni irsin və milli birliyin əsas dayaqlarından biri kimi ifadə olunur.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan dili öz zəngin lüğət tərkibi, ifadə imkanları və tarixi inkişaf yolu ilə seçilən dillərdəndir. Onun “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur” fikri ana dilimizin müstəqil inkişaf potensialına verilən yüksək qiymətin ifadəsidir. Dövlət başçısı hesab edir ki, qloballaşmanın təsirləri fonunda dilimizin saflığının qorunması yalnız dilçilərin deyil, bütün cəmiyyətin ümumi məsuliyyətidir. Bu baxımdan Azərbaycan dilinin norma və qaydalarına riayət olunması, xüsusilə kütləvi informasiya vasitələrində, təhsil sistemində və rəsmi sənəd dövriyyəsində ədəbi dil normalarının qorunması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin dil siyasətində mühüm yer tutan məsələlərdən biri də milli kimliklə ana dili arasında mövcud olan ayrılmaz bağlılıqdır. Dövlət başçısı qeyd edir ki, Azərbaycan xalqı tarix boyu müxtəlif siyasi sınaqlarla üzləşsə də, milli varlığını məhz dili, mədəniyyəti və mənəvi dəyərləri sayəsində qoruyub saxlamışdır. Onun fikrincə, Azərbaycan dilinin inkişaf etdirilməsi təkcə mədəni irsin yaşadılması deyil, həm də müstəqilliyin, dövlətçilik ənənələrinin və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən strateji vəzifədir. Bu yanaşma dövlət dilini yalnız ünsiyyət vasitəsi deyil, müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri kimi xarakterizə edir.
Prezident İlham Əliyev Azərbaycan dilinin beynəlxalq nüfuzunun artırılmasını da dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edir. O bildirir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız üçün Azərbaycan dili milli mənsubiyyətin əsas göstəricisidir. Bu baxımdan dilimizin elmi əsaslarla öyrənilməsi, müasir lüğətçilik ənənələrinin inkişaf etdirilməsi, terminoloji bazanın təkmilləşdirilməsi, dialekt və şivələrin araşdırılması, eləcə də xaricdə yaşayan azərbaycanlıların dil və folklor irsinin sistemli şəkildə tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər həm Azərbaycan dilinin elmi bazasını möhkəmləndirir, həm də dünya azərbaycanlılarının milli-mədəni bağlarının güclənməsinə xidmət edir.
Müasir dövrdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət göstərir ki, ana dilimiz yalnız keçmişimizin mirası deyil, həm də gələcəyimizin strateji sərvətidir. Prezident İlham Əliyevin bu sahədə irəli sürdüyü konseptual yanaşma Azərbaycan dilinin qloballaşma şəraitində öz milli xüsusiyyətlərini qoruyaraq inkişaf etməsinə, dövlət dilinin nüfuzunun daha da yüksəlməsinə və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə olduğu kimi ötürülməsinə etibarlı zəmin yaradır. Bu siyasət Azərbaycan dilinin dövlətçilik, milli birlik və Azərbaycançılıq ideologiyasının əsas daşıyıcısı kimi rolunu daha da gücləndirir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru





















