Parlamentlərarası əlaqələrdə də yüksək həmrəylik nümayiş etdirilir
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında münasibətlər 30 ildən artıq bir dövrü əhatə edir. İki ölkə arasında coğrafi məsafənin uzaqlığına baxmayaraq, beynəlxalq müstəvidə qarşılıqlı dəstək, siyasi dialoq və son illərdə güclənən iqtisadi tərəfdaşlıq əlaqələrin dinamik inkişafını təmin edir. Azərbaycan və Kamboca arasında diplomatik münasibətlər 1994-cü il mayın 28-də bərpa olunub. Siyasi dialoqun inkişafında ən mühüm dönüş nöqtələrindən biri Kambocanın keçmiş Baş naziri Hun Senin 2014-cü ildə Bakıya həyata keçirdiyi tarixi rəsmi səfər olmuşdur. Hər iki dövlət beynəlxalq təşkilatlar — Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurası (AQEM) çərçivəsində sıx əməkdaşlıq edir. Tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüququn norma və prinsiplərini ardıcıl olaraq dəstəkləyirlər.
Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun inkişafında parlamentlərarası əməkdaşlıq mühüm yer tutur. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları qarşılıqlı təmasların genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsinin aparılması və ikitərəfli münasibətlərin parlament diplomatiyası vasitəsilə daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli platformadır. Bu mexanizmlər ölkələrimiz arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə, siyasi əlaqələrin institusional əsaslarının gücləndirilməsinə və ortaq maraq doğuran məsələlər üzrə fikir mübadiləsinin aparılmasına şərait yaradır.
Kambocanın Azərbaycanın regional parlamentlərarası əməkdaşlıq platformalarında iştirakına göstərdiyi dəstək də ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın və həmrəyliyin mühüm təzahürüdür. Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi ölkəmizin Cənub-Şərqi Asiya regionu ilə əlaqələrin inkişafına verdiyi əhəmiyyətin göstəricilərindən biridir. Bu addım Azərbaycanın Asiya ölkələri ilə siyasi dialoqu genişləndirmək, regional əməkdaşlıq mexanizmlərində iştirakını artırmaq və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətlə uzlaşır.
Azərbaycan üçün Cənub-Şərqi Asiya regionu həm siyasi dialoqun genişləndirilməsi, həm iqtisadi əlaqələrin inkişafı, həm də çoxtərəfli əməkdaşlıq imkanlarının artırılması baxımından əhəmiyyətli istiqamətlərdən biridir. Bu regionun beynəlxalq münasibətlər sistemində artan rolu Azərbaycanla regional dövlətlər arasında əlaqələrin daha sistemli və davamlı şəkildə inkişaf etdirilməsini zəruri edir. Kamboca ilə mövcud siyasi təmaslar və parlamentlərarası əməkdaşlıq bu baxımdan yeni təşəbbüslərin irəli sürülməsi üçün əlverişli zəmin yaradır. Gələcəkdə parlamentlərarası dostluq qrupları arasında əlaqələrin intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və beynəlxalq parlament platformalarında əməkdaşlığın davam etdirilməsi ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edə bilər. Bu istiqamətdə atılacaq addımlar Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun dərinləşdirilməsinə, qarşılıqlı dəstək ənənələrinin möhkəmləndirilməsinə və ölkələrimizin regional və beynəlxalq məsələlər üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verəcəkdir.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


























