image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1724405264_13e85d02108495e9d06f51147b78921e

Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir

image-legitimaz-810x90

Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin həyata keçirdiyi uğurlu enerji və nəqliyyat siyasəti Azərbaycanı regionun mühüm iqtisadi, logistika və əməkdaşlıq mərkəzlərindən birinə çevirmişdir. Bu siyasətin həyata keçirilməsində dost və qardaş dövlətlərlə qurulan yüksək səviyyəli siyasi münasibətlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında formalaşmış strateji tərəfdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər hər iki ölkənin regional əməkdaşlıq proseslərində fəal iştirakına geniş imkanlar yaradır. Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi üçün mühüm siyasi zəmin formalaşdırır. Hər iki dövlət Şərq ilə Qərb, Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycanın malik olduğu nəqliyyat-logistika infrastrukturu, tranzit imkanları və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakı Özbəkistan üçün də yeni imkanlar açır. Bu baxımdan Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması, liman və dəmir yolu imkanlarından səmərəli istifadə olunması Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən birini təşkil edir. Dost və tərəfdaş dövlətlər arasında siyasi münasibətlərin yüksək səviyyədə olması həyata keçirilən iqtisadi və infrastruktur layihələrinin uzunmüddətli xarakter almasına mühüm təsir göstərir. Qarşılıqlı etimad, ortaq maraqlar və dövlət başçılarının siyasi iradəsi Azərbaycan ilə Özbəkistan arasında birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Enerji, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın genişlənməsi iki ölkənin mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan verir.

Azərbaycan–Özbəkistan münasibətlərində humanitar əməkdaşlıq da xüsusi yer tutur. Xalqlarımızı ortaq tarixi köklər, türk dünyasına mənsubiyyət, dil, mədəni və mənəvi dəyərlər birləşdirir. Siyasi dialoqun yüksək səviyyədə olması mədəniyyət, təhsil, elm və digər humanitar sahələrdə əlaqələrin inkişafına müsbət təsir göstərir. Dövlətlər arasında möhkəm dostluq münasibətləri xalqların bir-birini daha yaxından tanımasına, mədəniyyətlərarası dialoqun genişlənməsinə və müxtəlif birgə layihələrin həyata keçirilməsinə imkan yaradır. Azərbaycan dövlətinin xarici siyasətində humanitar əməkdaşlığa xüsusi diqqət yetirilməsi xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Özbəkistan arasında mədəniyyət günlərinin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, elm və təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi iki xalqın tarixi və mənəvi bağlılığını daha da gücləndirir. Bu əlaqələr dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də xalqların səmimi dostluğuna və qardaşlığına əsaslandığını nümayiş etdirir. Xüsusilə gənclər arasında əməkdaşlığın genişləndirilməsi gələcəkdə Azərbaycan–Özbəkistan münasibətlərinin daha da davamlı və möhkəm olmasına mühüm töhfə verə bilər. Gənclərin müxtəlif beynəlxalq layihələrdə, forumlarda, təhsil və mədəniyyət proqramlarında iştirakı qarşılıqlı təcrübə mübadiləsini genişləndirir. Bu proses gənc nəslin hər iki ölkənin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında daha dolğun məlumat əldə etməsinə, gələcək əməkdaşlıq əlaqələrinin formalaşmasına şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi fəal siyasət də dost və tərəfdaş dövlətlərlə yüksək səviyyəli siyasi dialoqun mühüm göstəricilərindən biridir. Azərbaycan və Özbəkistan müxtəlif beynəlxalq və regional platformalarda qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq edir, ortaq maraqların olduğu istiqamətlərdə mövqelərini əlaqələndirirlər. Bu əməkdaşlıq həm ikitərəfli münasibətlərin inkişafına, həm də regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki