Ölkəmiz bir çox iri regional layihələrin təşəbbüskarı olmaqla yanaşı, onların maliyyələşdirilməsində və icrasında da əsas tərəflərdən biri olmuşdur
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın geniş coğrafi məkanında Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz bir çox iri regional layihələrin təşəbbüskarı olmaqla yanaşı, onların maliyyələşdirilməsində və icrasında da əsas tərəflərdən biri olmuşdur. Bu yanaşma Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunu daha da artırmışdır.
Enerji layihələrinin uğurla həyata keçirilməsi də Azərbaycanın beynəlxalq əməkdaşlıq modelinin mühüm nümunəsidir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü və maliyyə dəstəyi ilə reallaşdırılan enerji layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ceyhan və digər strateji layihələr göstərir ki, çoxtərəfli əməkdaşlıq modeli həm enerji, həm də nəqliyyat sahəsində uğurla tətbiq edilə bilər.
Məhz bu uğurlu təcrübə nəqliyyat və logistika sahəsinə də tətbiq olunmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik.” Bu yanaşma onu göstərir ki, enerji sahəsində formalaşdırılmış əməkdaşlıq modeli nəqliyyat dəhlizlərinin inkişafında da öz səmərəsini verir. Müxtəlif ölkələrin maraqlarının uzlaşdırılması, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı tərəfdaşlıq beynəlxalq tranzit sisteminin dayanıqlı inkişafının əsas şərtləridir.
Son illərdə qlobal geosiyasi və iqtisadi dəyişikliklər Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq.” Dünyada baş verən yeni iqtisadi və logistika çağırışları fonunda Orta Dəhlizin əhəmiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, Azərbaycan isə bu marşrutun əsas iştirakçılarından birinə çevrilmişdir.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü























