Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutmağa başlayıb
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara əsaslanan bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik kimi mühüm sahələri də əhatə edir.
Müasir dövrdə qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi rolu daha da artıb və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer tutmağa başlayıb.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Bu göstərici onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Digər tərəfdən, Azərbaycan da Avropa İttifaqının Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşı hesab olunur. Region üzrə Avropa İttifaqı ilə həyata keçirilən ümumi ticarətin təxminən 70 faizi məhz Azərbaycanın payına düşür. Bu fakt ölkəmizin regional iqtisadiyyatda xüsusi çəkisini və beynəlxalq ticarətdə tutduğu mövqeni aydın şəkildə nümayiş etdirir.
Ticarət əlaqələrinin inkişafı iki tərəf arasında qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir. Azərbaycanın sabit iqtisadi siyasəti, əlverişli investisiya mühiti və beynəlxalq öhdəliklərə sadiqliyi xarici investorların ölkəmizə marağını artırır. Avropa şirkətləri uzun illərdir ki, Azərbaycanın müxtəlif iqtisadi layihələrində fəal iştirak edir, xüsusilə enerji sektorunda mühüm investisiyalar həyata keçirirlər.Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında enerji sahəsi xüsusi yer tutur. Son illər ərzində Avropada enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb.
Enerji mənbələrinin şaxələndirilməsi və etibarlı tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi Avropa ölkələrinin əsas prioritetlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan özünü etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi təsdiqləyib.Dörd il əvvəl imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu. Bu sənəd tərəflərin enerji sahəsində uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq niyyətini rəsmiləşdirdi. Memorandumun imzalanmasından sonra əldə olunan nəticələr onun praktik əhəmiyyətini bir daha təsdiqləyir.
Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü






















