“Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür”
Prezident İlham Əliyevin 17 sentyabr 2026-cı ildə Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi bu fikir Türk dünyasının hazırkı inkişaf potensialının mühüm amillərindən birini — sabitlik və təhlükəsizlik mühitini ön plana çıxarır. Dövlət başçısı TDT-nin uğurlu inkişafının əsas şərtlərindən biri kimi təşkilata üzv ölkələrin ərazilərində sülhün, əmin-amanlığın və sabitliyin hökm sürməsini göstərib və qeyd edib ki, müasir mürəkkəb geosiyasi şəraitdə belə vəziyyət ölkələrin davamlı inkişafı üçün mühüm üstünlük yaradır. Prezidentin fikrincə, siyasi və iqtisadi sabitlik olmadan xarici investisiyaların, yeni texnologiyaların və innovasiyaların ölkələrə cəlb edilməsi çətinləşir; buna görə də təhlükəsizliyin qorunması iqtisadi inkişaf, sosial rifah və regional əməkdaşlıq üçün fundamental şərtdir. Bu yanaşma TDT-nin fəaliyyətinin yalnız mədəni və humanitar yaxınlıqla məhdudlaşmadığını, sülh və təhlükəsizliyin təşkilatın strateji gündəliyində mühüm yer tutduğunu göstərir. TDT-nin təməlini təşkil edən Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizliyin təmin edilməsi təşkilatın əsas məqsəd və vəzifələri sırasında müəyyənləşdirilib. 2025-ci il Qəbələ Zirvə Görüşündə də Prezident İlham Əliyev qeyd edib ki, müasir geosiyasi və təhlükəsizlik çağırışları fonunda türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi vacibdir. Həmin çıxışda təhlükəsizliyin təmin edilmədən inkişafın mümkün olmadığı vurğulanıb və TDT ölkələri arasında hərbi və hərbi-texniki əməkdaşlığın əhəmiyyəti qeyd olunub. 2026-cı il Bakı görüşünün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, tədbirdə TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı çərçivəsində təhlükəsizlik məsələləri müzakirə olunub. Prezident İlham Əliyevin müraciətində bu formatın Türk dünyasının inteqrasiyasının artıq siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını, təhlükəsizlik sahəsini də əhatə edən uzunmüddətli strateji xarakter daşıdığını göstərdiyi bildirilib. Təhlükəsizlik Şuraları katiblərinin müntəzəm görüşləri ortaq regional və qlobal təhdidlərin müəyyənləşdirilməsi, məlumat və təcrübə mübadiləsi, habelə onların qarşısının alınması istiqamətində koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli mexanizm kimi təqdim olunur. TDT ölkələrinin təhlükəsizlik gündəliyində beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlər xüsusi yer tutur. Prezident İlham Əliyevin 17 sentyabr 2026-cı il tarixli müraciətində bu problemlərin bir çoxunun ayrı-ayrı dövlətlərin təkbaşına həll edə bilməyəcəyi xarakter daşıdığı vurğulanıb. Bu səbəbdən təhlükəsizlik orqanları arasında məlumat mübadiləsi, qarşılıqlı məsləhətləşmələr və praktiki əməkdaşlıq TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edən mexanizmlər kimi qiymətləndirilir. Sabitlik və təhlükəsizlik iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi və iqtisadi sabitliyin olmadığı şəraitdə investisiya, texnologiya və innovasiya axınlarının formalaşması çətinləşir. TDT məkanının iqtisadi potensialı isə geniş coğrafiya, zəngin təbii ehtiyatlar, gənc əhali, mühüm nəqliyyat-logistika imkanları və strateji coğrafi mövqe ilə əlaqələndirilir. 2025-ci il Qəbələ Zirvə Görüşündə də bu amillərin TDT-ni qlobal arenada əhəmiyyətli aktora çevirən əsas xüsusiyyətlər sırasında olduğu qeyd edilmişdir.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı
























