Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür
TDT ölkələrinin sabitlik mühitində əməkdaşlığının mühüm istiqamətlərindən biri nəqliyyat və logistika əlaqələrinin inkişafıdır. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit məkan kimi çıxış edir və Orta Dəhlizin inkişafında iştirak edir. 2024-cü ildə Şuşada keçirilmiş TDT-nin qeyri-rəsmi Zirvə görüşündə qəbul edilən Qarabağ Bəyannaməsində nəqliyyat bağlantılarının, iqtisadi əməkdaşlığın və regional sabitliyin gücləndirilməsi məsələləri ön plana çəkilib. Bəyannamədə Türk dünyasının sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan, ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənə və dəyərlər əsasında formalaşan ailə olduğu qeyd edilir. Azərbaycanın öz təcrübəsində də sülh və təhlükəsizliklə inkişaf arasında əlaqə xüsusi yer tutur. Prezident İlham Əliyev 2025-ci il Qəbələ Zirvə Görüşündə 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyini bildirib. Dövlət başçısının təqdim etdiyi mövqeyə görə, bu nəticə Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb və bölgədə sülh və sabitliyin formalaşması üçün yeni imkanlar açıb. Həmin çıxışda Azərbaycanın və Ermənistanın 2025-ci ildə sülh sazişi üzrə Birgə Bəyannamə imzalaması da Cənubi Qafqazın sülh məkanına çevrilməsi istiqamətində mühüm hadisə kimi qeyd edilib. TDT daxilində təhlükəsizlik əməkdaşlığının institusional inkişafı 2026-cı ildə Azərbaycanda təşkilatın üzv dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü ilə də əlaqələndirilir. Prezident İlham Əliyev 2025-ci il Qəbələ Zirvə Görüşündə üzv dövlətlər arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində mövcud əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu təşəbbüs təhlükəsizlik sahəsində əməkdaşlığın siyasi dialoqdan praktiki koordinasiyaya doğru genişləndirilməsi istiqamətində irəli sürülmüş təklif kimi təqdim olunub. “Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür” fikri TDT ölkələrinin mövcud inkişaf şəraitinin əsas xüsusiyyətlərindən birinə diqqəti yönəldir. Prezident İlham Əliyevin yanaşmasına görə, sabitlik yalnız hərbi təhlükəsizliyin göstəricisi deyil, eyni zamanda investisiyaların cəlb edilməsi, iqtisadi artım, nəqliyyat və enerji layihələrinin reallaşdırılması, texnologiyaların inkişafı və xalqlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri şərtdir. Bu baxımdan TDT məkanında təhlükəsizliyin qorunması, üzv ölkələrin təhlükəsizlik qurumları arasında əlaqələrin gücləndirilməsi və ümumi təhdidlərə qarşı koordinasiyanın artırılması təşkilatın gələcək inkişafının mühüm istiqamətlərindən biri kimi təqdim olunur.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı
























