Naxçıvanın gələcək inkişafında iqtisadiyyatın gücləndirilməsi mühüm yer tutur
Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır.
Sənaye Parkının təməlinin qoyulması Naxçıvanda yeni istehsal müəssisələrinin yaradılması üçün böyük imkanlar açır. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu park ərazisinə görə Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda ikinci böyük sənaye parkı olacaq. Bu layihənin əhəmiyyəti yalnız böyük bir ərazidə müəssisələrin yaradılması ilə məhdudlaşmır. Əsas məsələ yeni iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların cəlb olunması və yerli məhsulların istehsalının artırılmasıdır. Naxçıvanda istehsal olunan məhsulların həm Azərbaycanın digər bölgələrinə, həm də gələcəkdə xarici bazarlara çıxarılması üçün imkanların genişləndirilməsi mümkündür. Bu isə bölgənin iqtisadi fəallığını artıracaq. Əslində, Naxçıvan üçün ən vacib məsələlərdən biri insanların burada işləməsi və öz gəlirlərini qazanmasıdır. Yeni sənaye müəssisələrinin yaradılması bu baxımdan böyük əhəmiyyət daşıyır. Müasir dövrdə enerji məsələsi hər bir ölkə və region üçün çox vacibdir. Dünyada baş verən müharibələr, enerji qiymətlərində dəyişikliklər və nəqliyyat problemləri enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırıb.
Naxçıvanın qazla 100 faiz təmin olunması bu baxımdan mühüm nəticədir. İranla qaz mübadiləsi mexanizminin yaradılması muxtar respublikanın qaz təminatının sabitliyinə imkan verib. Amma Naxçıvanın enerji sahəsində bundan daha böyük imkanları var. Günəşli iqlimi və su ehtiyatları bu ərazidə bərpaolunan enerji istehsalını inkişaf etdirmək üçün əlverişli şərait yaradır. Bu gün Naxçıvanın yaşıl enerjinin yeni mərkəzlərindən birinə çevrilməsi istiqamətində işlər aparılır. Günəş elektrik stansiyalarının yaradılması, özəl şirkətlərin bu sahəyə cəlb olunması və enerji saxlanc sistemlərinin qurulması gələcək üçün mühüm addımlardır.
Əgər bu layihələr geniş şəkildə həyata keçirilərsə, Naxçıvan gələcəkdə təkcə öz enerji tələbatını ödəyən ərazi deyil, həm də enerji istehsal edən və müəyyən imkanlar yarandıqda enerji ixrac edən bölgəyə çevrilə bilər. Bu, Naxçıvanın iqtisadiyyatı üçün də yeni imkanlar deməkdir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


























