Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri gələn ildən başlayacaq.
Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni inkişaf mərhələsi başlayır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə qarşıdakı illər üçün əsas istiqamətlər müəyyənləşdirilib.
Müşavirədə ölkənin mineral-xammal bazasının genişləndirilməsi, yeni yataqların aşkar olunması və mövcud resurslardan daha səmərəli istifadə məsələləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının da geoloji potensialına xüsusi diqqət yetirilib.
Cənab Prezident İlham Əliyev Naxçıvanı perspektivli bölgələrdən biri kimi qeyd edərək, burada geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını bildirib. Dövlət başçısı çıxışı zamanı deyib: “Digər perspektivli bölgə Naxçıvan Muxtar Respublikasıdır. Orada da vaxtilə, – sovet dövrünü nəzərdə tuturam, – və son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə orada da böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq yəqin ki, gələn ildən başlayacaq.” Bu açıqlama Naxçıvanın yeraltı sərvətlərinin daha geniş və sistemli şəkildə öyrənilməsi baxımından mühüm mərhələnin başlanacağından xəbər verir. Qarşıdakı dövrdə aparılacaq geoloji kəşfiyyat işləri muxtar respublikanın mineral resurs potensialının daha dəqiq müəyyənləşdirilməsinə və perspektivli sahələrin üzə çıxarılmasına imkan verə bilər.
Geoloji kəşfiyyat işlərinin genişləndirilməsi yalnız yeni yataqların aşkarlanması ilə məhdudlaşmır. Bu proses həm də regionun sənaye imkanlarının qiymətləndirilməsi, yeni investisiya layihələrinin formalaşdırılması və dağ-mədən sənayesinin inkişafı üçün əlavə imkanların yaradılması baxımından əhəmiyyətlidir.
Dövlət Proqramının 2027–2030-cu illəri əhatə etməsi də bu istiqamətdə qarşıya uzunmüddətli hədəflərin qoyulduğunu göstərir. Proqram çərçivəsində dağ-mədən və metallurgiya sənayesinə böyük həcmdə investisiyaların cəlb edilməsi, yeni istehsal sahələrinin yaradılması və Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsi nəzərdə tutulur.
Naxçıvanda gələn ildən başlanması gözlənilən geoloji kəşfiyyat işləri də məhz bu genişmiqyaslı prosesin mühüm istiqamətlərindən biri olacaq. Aparılacaq araşdırmaların nəticəsində muxtar respublikanın yeraltı sərvətləri barədə daha dolğun məlumat əldə ediləcək, yeni yataqların mövcudluğu və onların iqtisadi əhəmiyyəti qiymətləndiriləcək.
Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin müəllimi

























