Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri gələn ildən başlayacaq.
Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib. Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı dayandırılıb.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf konsepsiyası son 23 ildə ölkə cənab Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb.
Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm də subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etmir. Sovet dövründə aşkar edilmiş bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılsa da o zaman Azərbaycanda bu sahə prioritet deyildi. Əsas diqqət göstərilən sahə neft sənayesi idi.
Bu səbəbdən bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınmasıdır. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Digər məsələ isə mövcud yataqların tam təhlil edilib müasir geoloji üsullarla oradakı ehtiyatların tam dəqiqləşdirilməsidir. Perspektivli bölgə kimi Naxçıvan Muxtar Respublikası diqqətə çatdırılmalıdır. Burada da sovet, həmçinin son dövrlərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmamışdır. Ona görə də böyük yataqların mövcudluğu ehtimalı çox yüksəkdir. Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işləri artıq gələn ildən başlayacaq.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

























