Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib.
Naxçıvan Azərbaycan tarixində özünəməxsus yeri olan qədim bir diyardır. Bu torpaq ölkəmizə böyük alimlər, ziyalılar, dövlət və mədəniyyət xadimləri bəxş edib. Naxçıvanın Azərbaycan xalqına verdiyi ən böyük şəxsiyyətlərdən biri isə ümummilli lider Heydər Əliyevdir.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə də Ulu Öndərin Naxçıvanla bağlılığı və bu qədim diyarın onun həyatındakı mühüm rolu diqqətə çatdırılıb. Prezident İlham Əliyev müxtəlif çıxışlarında Naxçıvanın inkişafının Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu və Ulu Öndərin bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərdiyini vurğulayıb.
Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. O, uşaqlıq və gənclik illərindən doğma torpağının insanlarını, tarixini və milli dəyərlərini yaxından tanıyıb. Sonrakı həyatında Azərbaycanın inkişafı və xalqın rifahı üçün böyük işlər görüb. Ulu Öndərin fəaliyyətinin mühüm mərhələlərindən biri 1969-cu ildən başlayıb. Həmin dövrdə onun rəhbərliyi ilə Azərbaycanda sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə və digər sahələrdə böyük inkişaf baş verib. Naxçıvan da bu inkişafdan öz payını alıb. 1970–1980-ci illərin əvvəllərində burada sənaye potensialının formalaşması və sosial quruculuq işlərinin aparılması xüsusi əhəmiyyət daşıyıb. Lakin Heydər Əliyevin Naxçıvan tarixindəki rolu yalnız bu dövrlə məhdudlaşmır. 1990-cı illərin əvvəllərində Azərbaycan və Naxçıvan çox ağır günlər yaşayırdı. Ölkədə siyasi və iqtisadi böhran hökm sürürdü. Naxçıvan isə həm ağır blokada şəraitində idi, həm də hərbi təhlükə ilə üz-üzə qalmışdı. Belə bir vaxtda Heydər Əliyevin Naxçıvana gəlməsi mühüm tarixi hadisəyə çevrildi. Naxçıvan xalqı Ulu Öndərin ətrafında sıx birləşdi. Onun rəhbərliyi ilə burada dövlətçilik baxımından mühüm qərarlar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi, sovet quruluşunun adından “sovet” və “sosialist” sözləri çıxarıldı, Sovet İttifaqının saxlanılması ilə bağlı referendum Naxçıvanda keçirilmədi. Bu addımlar Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm mərhələlərdən biri oldu.
Ulu Öndərin Naxçıvanda gördüyü işlərin əsas məqsədi xalqın təhlükəsizliyini və gələcəyini təmin etmək idi. Həmin çətin illərdə Naxçıvanın qorunmasında onun qətiyyəti və siyasi iradəsi mühüm rol oynadı. Prezident İlham Əliyev də çıxışlarında qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan ağır illərdən şərəflə çıxa bilib və Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində Naxçıvanın böyük rolu olub.
Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı mühüm hadisənin şahidi olub. Ulu Öndərin rəhbərliyi ilə ölkənin siyasi həyatında yeni mərhələnin əsası məhz burada qoyulub. Bu hadisələr Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi rolunu bir daha göstərir. Naxçıvanın hər yerində Ulu Öndərin xatirəsinə böyük ehtiram göstərilir. Onun adı məktəblərdə, küçələrdə, mədəniyyət və digər ictimai obyektlərdə yaşadılır. Naxçıvanın inkişafı ilə bağlı görülən işlərdə də Heydər Əliyev irsinin xüsusi yeri var.
Bu gün Naxçıvana nəzər salarkən onun yalnız qədim tarixini və gözəl təbiətini deyil, həm də Azərbaycan dövlətçiliyində oynadığı mühüm rolu görürük. Bu tarixdə Heydər Əliyevin adı xüsusi yer tutur. Ulu Öndərin həyat və fəaliyyətini öyrənmək isə Azərbaycan dövlətçiliyinin keçdiyi yolu daha yaxşı anlamağa kömək edir.
Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov























