Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocalıya səfərləri
Xocalı Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan şəhərlərdən biridir. Bu şəhərin adı həm ağır faciə ilə, həm də uzun illər davam edən qayıdış arzusu ilə bağlıdır. Bu gün isə Xocalıda tamam başqa mənzərə var. Şəhərdə yeni binalar ucalır, yollar salınır, məktəb və bağçalar fəaliyyət göstərir, sakinlər doğma yurdlarına qayıdırlar. Xocalının azad olunmasından sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu şəhərə səfərləri xüsusi əhəmiyyət daşıyıb. Bu səfərlər zamanı həm tarixi hadisələrə münasibət bildirilib, həm də Xocalının gələcəyi ilə bağlı görülən işlərə diqqət yetirilib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu hadisə Xocalının yeni tarixində mühüm səhifə açıb. Həmin səfərdən sonra şəhərin bərpası və yenidən qurulması istiqamətində geniş işlərə başlanılıb. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyevin Xocalıya səfəri isə xüsusi məna daşıyıb. Xocalı faciəsinin ildönümündə şəhərdə Xocalı Soyqırımı Memorialının təməli qoyulub. Bununla yanaşı, dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və şəhərdə aparılan tikinti işləri ilə tanış olub. Bu səfər Xocalının həm tarixi yaddaşının qorunması, həm də gələcəyinin qurulması baxımından əlamətdar olub. Memorialın yaradılması Xocalı faciəsi qurbanlarının xatirəsinin yaşadılması məqsədi daşıyır.
Xocalıda aparılan işlərin əsas istiqamətlərindən biri insanların doğma şəhərlərinə qayıtmasıdır. 2024-cü il mayın 28-dən keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı başlayıb. Sakinlərin öz evlərinə dönməsi şəhərin həyatında yeni mərhələnin başlanmasına səbəb olub.
2024-cü il mayın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Onlar şəhərdə təmir və yenidənqurmadan sonra 15 çoxmənzilli binada yaradılan şəraitlə tanış olublar. Bu görüş Xocalıya qayıdış prosesinin artıq real nəticələrini göstərən mühüm hadisələrdən biri olub. Xocalı ilə bağlı səfərlər yalnız şəhərin özü ilə məhdudlaşmayıb. Rayonun kəndlərində də bərpa işlərinə diqqət yetirilib. 2025-ci ilin fevralında Prezident İlham Əliyev Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası ilə görülən işlərlə tanış olub, kəndə köçən sakinlərlə görüşüb. 2025-ci ilin sentyabrında isə dövlət başçısının Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə səfərləri baş tutub. Bu səfərlər zamanı kəndlərdə aparılan quruculuq işləri ilə tanışlıq keçirilib və sakinlərlə görüşlər olub.
Bu gün Xocalıda görülən işlər şəhərin və rayonun hərtərəfli inkişafına yönəlib. Yaşayış binaları ilə yanaşı, məktəb, uşaq bağçası, yollar və digər sosial obyektlər yaradılır. Kəndlərdə isə fərdi evlərin və infrastrukturun bərpası davam etdirilir. Xocalının gələcəyi ilə bağlı ən mühüm məqam insan amilidir. Çünki şəhərin yenidən qurulması ilə yanaşı, burada insanların yaşaması, işləməsi və uşaqlarının təhsil alması üçün şərait yaradılır. Qayıdan ailələr Xocalının gündəlik həyatını yenidən formalaşdırırlar. 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Xocalının keçdiyi bu yolu xatırlamaq baxımından əlamətdar tarixdir. Prezident İlham Əliyevin Xocalıya səfərləri zamanı həyata keçirilən tədbirlər şəhərin həm tarixi yaddaşının qorunduğunu, həm də gələcəyə hazırlandığını göstərir.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva























