“Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu.
“Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu xalqımızın əsrlər boyu apardığı azadlıq mübarizəsinin və dövlətçilik ənənələrinin hüquqi ifadəsidir. Bu qanun Azərbaycan dövlətinin müstəqilliyinin xalqımız üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərməklə yanaşı, gələcək nəsillərə də vətənpərvərlik ruhu aşılayır. Müstəqillik hər bir xalqın ən böyük sərvəti hesab olunur. Lakin tarix sübut edir ki, müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da böyük siyasi iradə, uzaqgörənlik və qətiyyət tələb edir. Azərbaycan XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini bərpa etsə də, həmin dövrdə ölkədə mövcud olan ağır siyasi və iqtisadi vəziyyət dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, daxili qarşıdurmalar və hakimiyyət böhranı ölkədə xaos yaratmışdı. Belə mürəkkəb bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Azərbaycanın müstəqilliyinin qorunmasını öz fəaliyyətinin əsas məqsədi hesab edir və dövlətçiliyin möhkəmləndirilməsi üçün qətiyyətli siyasət həyata keçirirdi. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik yaradıldı, ordu quruculuğuna başlanıldı, iqtisadi islahatlar həyata keçirildi və Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi. “Müstəqillik günü haqqında” qanunun mahiyyəti də məhz Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olduğunu göstərməkdən ibarətdir.
Bu gün ölkəmizin qazandığı uğurlar, beynəlxalq aləmdə nüfuzu və güclü dövlətə çevrilməsi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun nəticəsidir. Ulu Öndər daim vurğulayırdı ki, dövlət müstəqilliyi hər bir vətəndaş üçün müqəddəs dəyərdir və onu qorumaq hər kəsin borcudur.
Bu gün Azərbaycan xalqı müstəqil dövlət quruculuğu yolunda əldə olunan bütün nailiyyətlərdə Heydər Əliyevin misilsiz xidmətlərini böyük ehtiramla yad edir. Onun siyasi irsi və dövlətçilik ideyaları müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Müstəqillik günü isə xalqımızın azadlıq əzmini, milli birliyini və dövlətinə olan bağlılığını nümayiş etdirən ən əlamətdar tarixlərdən biri kimi qeyd olunur.
Kamal Xəlilov – Zərdab Gənclər evi, Dərnək rəhbəri


















