Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi.
Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması üçün atılan bu mühüm addım Azərbaycanın uğurlu gələcəyinə, ölkəmizin daha da güclənməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda burada toplanan vəsaitin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir.
Prezident cənab İlham Əliyev çıxışında bu məqamlara diqqəti yönəltdi. Qeyd etdi ki, biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir” söyləyən Prezident cənab İlham Əliyev bildirdi ki, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur. Azərbaycanın enerji siyasəti uğurlarımızın davamlılığını şərtləndirir. Hər il ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlara yol açır. İmzalanan sənədlər yeni tərəfdaşların, dostların qazanılmasını şərtləndirir. Prezident cənab İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaq.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə

























