image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17821191734039165162_1200x630

Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub

image-legitimaz-810x90

Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub

Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu ortaq tarixi köklər, dil, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlı olmuşlar. Müstəqillik dövründə bu əlaqələr yeni məzmun qazanmış, dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda türkdilli dövlətlərlə əməkdaşlığın gücləndirilməsi xüsusi yer tutur. Bu siyasətin mühüm istiqamətlərindən biri də Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafı və dərinləşdirilməsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasında siyasi dialoq yüksək səviyyədə davam edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanan sənədlər əməkdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, regional sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verirlər.

İki ölkə arasında münasibətlərin əsasını yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də tarixi, mədəni və mənəvi bağlar təşkil edir. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulamışdır ki, Azərbaycan və Türkmənistan xalqları ortaq köklərə malik qardaş xalqlardır. Bu baxımdan humanitar və mədəni əməkdaşlıq əlaqələrin inkişafında xüsusi rol oynayır.

Son illərdə mədəniyyət sahəsində qarşılıqlı əlaqələr daha da genişlənmişdir. Müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışları təşkil edilir, mədəniyyət və incəsənət nümayəndələri arasında əməkdaşlıq genişlənir. Bu ilin əvvəlində Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki xalqın yaxınlığının və dostluğunun növbəti təzahürü olmuşdur. Tədbirlər çərçivəsində Azərbaycan musiqisi, incəsənəti və milli-mədəni irsi Türkmənistan ictimaiyyətinə təqdim edilmiş, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Öz növbəsində, ötən il Türkmənistanın mədəniyyət xadimləri Bakıda və Gəncədə keçirilən Türkmənistan Mədəniyyəti Günlərində iştirak etmiş, ölkələrinin zəngin mədəniyyətini Azərbaycan ictimaiyyətinə nümayiş etdirmişlər. Belə tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına xidmət edir.

Prezident cənab İlham Əliyevin siyasətində şəhərlərarası əməkdaşlığın inkişafına da xüsusi diqqət yetirilir. Bakı və Aşqabad şəhərlərinin, eləcə də Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması bu əməkdaşlığın bariz nümunəsidir. Qardaş şəhər əlaqələri iqtisadi, mədəni, sosial və humanitar sahələrdə yeni imkanlar yaradır, yerli idarəetmə orqanları arasında təcrübə mübadiləsinə şərait yaradır.

Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlıq da uğurla inkişaf edir. Xəzər dənizi regionunda həyata keçirilən nəqliyyat və logistika layihələri ölkələrimizin tranzit potensialının artırılmasına xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat dəhlizləri Türkmənistan üçün də geniş imkanlar açır. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına müsbət təsir göstərir.

Enerji sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan və Türkmənistan enerji resurslarının səmərəli istifadəsi, nəqli və beynəlxalq bazarlara çıxarılması məsələlərində qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq həyata keçirirlər. Bu sahədə əldə olunan razılaşmalar regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Türk dünyasının birliyinə verdiyi töhfələr Azərbaycan–Türkmənistan münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır. Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər iki qardaş ölkənin əlaqələrinin inkişafına yeni impuls verir.

Bu gün Azərbaycan–Türkmənistan münasibətləri qarşılıqlı hörmət, etimad və dostluq prinsiplərinə əsaslanır. Tarixi bağlar, mədəni yaxınlıq və ortaq dəyərlər bu münasibətlərin möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində iki ölkə arasında əməkdaşlıq daim yeni məzmunla zənginləşir, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələr daha da genişlənir.

 

Zərdab şəhər sakini Cavid Məmmədov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki