Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub.
Azərbaycanın müasir inkişaf yolu milli dövlətçilik ənənələrinin, siyasi sabitliyin, iqtisadi tərəqqinin və zəngin mənəvi dəyərlərin vəhdəti ilə səciyyələnir. Bu gün ölkəmiz yalnız dinamik inkişaf edən dövlət kimi deyil, həm də müxtəlif mədəniyyətlərin, dinlərin və etnik qrupların qarşılıqlı hörmət şəraitində yaşadığı, sülh və həmrəyliyin qorunduğu məkan kimi beynəlxalq aləmdə tanınır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, milli birliyin möhkəmlənməsinə və ölkəmizin qlobal dialoq məkanında mövqeyinin güclənməsinə mühüm töhfə verir.
Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında xalqımızın tarixi yaddaşı, milli-mənəvi dəyərlərə bağlılığı və fərqli mədəniyyətlərə hörmət ənənəsi dayanır. Şərqlə Qərbin qovuşduğu coğrafiyada yerləşən ölkəmiz əsrlər boyu ticarət yollarının, elmi fikir mübadiləsinin və mədəni əlaqələrin mühüm mərkəzlərindən biri olub. Bu tarixi təcrübə Azərbaycan cəmiyyətində tolerantlıq və birgəyaşayış mədəniyyətinin formalaşmasına, müxtəlif dinlərin və xalqların nümayəndələri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə zəmin yaradıb. Bu gün həmin ənənələr dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qorunur və inkişaf etdirilir.
2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın bu sahədə beynəlxalq təşəbbüslərə verdiyi töhfələrin növbəti ifadəsi oldu. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr edilən forum müxtəlif ölkələri, mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirərək qlobal miqyasda qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin forumdakı çıxışı isə Azərbaycanın multikulturalizm modelinin mahiyyətini, tarixi köklərini və ölkəmizin beynəlxalq dialoq prosesindəki rolunu bir daha diqqət mərkəzinə gətirdi.
Dövlət başçısı çıxışında Azərbaycanın coğrafi mövqeyinin yalnız xəritə üzərindəki yerini deyil, həm də tarixi-mədəni missiyasını müəyyənləşdirdiyini vurğuladı. Prezidentin səsləndirdiyi fikirlər xalqımızın əsrlərdən süzülüb gələn birgəyaşayış fəlsəfəsinin, milli həmrəyliyimizin və dövlətçilik düşüncəmizin mahiyyətini aydın şəkildə ifadə edir: “Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Biz Avropa ilə Asiya arasında yerləşirik. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar.” Bu fikirlər Azərbaycanın multikulturalizm siyasətinin əsas mahiyyətini özündə birləşdirir. Burada söhbət yalnız müxtəlif dinlərin və etnik qrupların bir ərazidə yaşamasından getmir. Əsas məsələ hər bir insanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, özünü cəmiyyətin bərabərhüquqlu üzvü hiss etməsi, qarşılıqlı hörmətin gündəlik həyat normasına çevrilməsi və ümumi dövlətçilik maraqları ətrafında birliyin təmin olunmasıdır.
Müasir dünyada dini və etnik zəmində qarşıdurmaların, ayrı-seçkiliyin, dözümsüzlüyün və mədəniyyətlərarası anlaşılmazlıqların narahatlıq doğurduğu bir vaxtda Azərbaycanın təcrübəsi xüsusi aktuallıq kəsb edir. Çünki sülhün və sabitliyin qorunması yalnız siyasi qərarlarla deyil, həm də cəmiyyət daxilində formalaşmış etimad, mənəvi həmrəylik və bir-birinin dəyərlərinə hörmətlə mümkündür. Azərbaycan bu həqiqəti öz tarixi təcrübəsi ilə təsdiqləyir.
Ölkəmizdə müxtəlif dini icmaların fəaliyyəti, milli azlıqların mədəni irsinin qorunması, tolerantlıq mühitinin təşviqi və mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə dəstəklənməsi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Multikulturalizm Azərbaycan üçün müvəqqəti siyasi yanaşma deyil, xalqımızın tarixi təcrübəsindən qaynaqlanan və müasir dövlətçilik prinsipləri ilə möhkəmlənən həyat tərzidir.
Azərbaycanın seçdiyi yol milli kimliyə sədaqəti ümumbəşəri dəyərlərə hörmətlə uzlaşdıran, fərqlilikləri qarşıdurma deyil, zənginlik mənbəyi kimi qəbul edən inkişaf yoludur. Bu yolun əsas dayağı isə əsrlər boyu qorunub saxlanılan tolerantlıq ənənələri, dini və etnik dözümlülük, milli birlik və qarşılıqlı etimaddır. Məhz bu dəyərlər Azərbaycanın bu gününü möhkəmləndirir, gələcəyinə inam yaradır və ölkəmizin dünyada sülh, dialoq və birgəyaşayış tərəfdarı kimi mövqeyini daha da gücləndirir.
Çinarə Mehrəliyeva – Zərdab Peşə liseyinin müəllimi






















