Müasir dövrdə dinlərarası və mədəniyyətlərarası dialoqa böyük ehtiyac var
Azərbaycan tarix boyu Şərq və Qərb arasında mühüm mədəniyyət və mənəviyyat körpüsü rolunu oynayıb. Ölkəmizin paytaxtı Bakı isə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin bir araya gəldiyi şəhərlərdən biridir. Belə mühüm tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı da bu baxımdan mühüm hadisələrdən biridir. Eyni zamanda, böyük Azərbaycan şairi və mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi xalqımızın zəngin mənəvi və fəlsəfi irsinin dünyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri yalnız tarixi və dil yaxınlığı deyil, həm də ortaq mədəni və mənəvi dəyərlər birləşdirir. Bu ölkələrin dini rəhbərlərinin bir araya gəlməsi qarşılıqlı fikir mübadiləsi üçün mühüm imkan yaradır. Müasir dövrdə dinlərarası və mədəniyyətlərarası dialoqa böyük ehtiyac var. Dünyanın müxtəlif bölgələrində münaqişələrin, qarşıdurmaların və dini ayrı-seçkiliyin müşahidə edildiyi bir vaxtda dini liderlərin sülh, mərhəmət, qarşılıqlı hörmət və birgəyaşayış ideyalarını müdafiə etməsi mühüm əhəmiyyət daşıyır. Şuranın toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki təşəbbüslərinin və dialoq platforması kimi rolunun diqqət mərkəzində olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığı ölkə kimi öz təcrübəsini beynəlxalq tədbirlərdə nümayiş etdirir.Bu cür toplantıların əsas əhəmiyyətlərindən biri də dini dəyərlərin müasir həyatla əlaqəsinin müzakirə olunmasıdır. Din yalnız ibadətlə məhdudlaşmır. Dini və mənəvi dəyərlər insanların bir-birinə münasibətində, ailəyə, böyüyə, uşağa, ehtiyacı olan insanlara yanaşmasında da özünü göstərir.
İslamın əsas prinsipləri arasında mərhəmət, ədalət, sülh, xeyirxahlıq və insan ləyaqətinə hörmət xüsusi yer tutur. Bu dəyərlərin cəmiyyət həyatında daha geniş yayılması insanların bir-birinə münasibətinin yaxşılaşmasına kömək edə bilər. Xüsusilə gənc nəslin düzgün mənəvi tərbiyəsi məsələsi bu baxımdan vacibdir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki dövrdə gənclər dünyanın müxtəlif ideyaları ilə qarşılaşırlar. Belə şəraitdə sağlam dini və milli-mənəvi dəyərlərin düzgün şəkildə təbliği mühüm məsələlərdən biridir. Bakıda keçirilən digər mühüm tədbir böyük şair və mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransdır. Seyid Yəhya Bakuvi Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biridir. XV əsrdə yaşamış bu böyük mütəfəkkir fəlsəfi və sufi irsi ilə Şərq düşüncə tarixində mühüm iz qoyub. Onun adı Bakı ilə sıx bağlıdır. İçərişəhərdə yerləşən Seyid Yəhya Bakuvinin məqbərəsi də bu zəngin tarixi irsin mühüm nümunələrindəndir. Bakuvi insanın mənəvi kamilliyi, əxlaqı, özünü dərk etməsi və Allaha yaxınlaşması kimi məsələlərə xüsusi əhəmiyyət verirdi. Onun irsində insanın daxili aləminin zənginləşdirilməsi, mənəvi təmizlənmə və yaxşı əməllər mühüm yer tutur. Bu baxımdan Seyid Yəhya Bakuvinin yaradıcılığı yalnız keçmişin öyrənilməsi üçün deyil, bu gün üçün də maraqlı və əhəmiyyətlidir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
























