Milli Qurtuluş Günü Azərbaycan tarixində sadəcə bir gün deyil, bütöv bir xalqın taleyində dönüş yaradan mühüm mərhələdir
1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin əldə olunması ölkənin inkişafı üçün yeni imkanlar açdı. Müharibənin aktiv fazasının dayandırılması iqtisadi və siyasi islahatların həyata keçirilməsinə şərait yaratdı. Xarici investorların Azərbaycana marağı artdı, beynəlxalq əməkdaşlıq genişləndi.
Azərbaycanın iqtisadi tarixində mühüm yer tutan hadisələrdən biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” oldu. Dünyanın aparıcı neft şirkətləri ilə bağlanan bu müqavilə ölkəmizin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaratdı. Müqavilənin nəticəsində Azərbaycana milyardlarla dollar həcmində investisiya cəlb edildi, yeni iş yerləri açıldı, iqtisadi inkişaf sürətləndi.
Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər strateji layihələrin həyata keçirilməsi Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırdı. Ölkəmiz regionun enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən birinə çevrildi. Dövlət quruculuğu sahəsində ən mühüm addımlardan biri isə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya ölkədə demokratik idarəetmənin, hüquqi dövlət quruculuğunun və insan hüquqlarının təmin edilməsinin əsasını qoydu. Bununla da Azərbaycan müasir dövlət quruculuğu istiqamətində mühüm nailiyyət əldə etdi. Milli Qurtuluşun əhəmiyyətini nəzərə alaraq Milli Məclis 1997-ci ildə 15 iyun tarixini rəsmi olaraq Milli Qurtuluş Günü elan etdi. Bu qərar xalqın öz xilaskar liderinə olan hörmətinin və tarixi həqiqətlərə verilən dəyərin ifadəsi idi. Bu gün Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz həmin dövrdə müəyyən edilmiş inkişaf strategiyası dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Son illərdə ölkəmiz iqtisadi, siyasi və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, ölkəmiz mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində görülən işlər öz nəticəsini 2020-ci ildə göstərdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. İşğal altında olan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım atıldı.2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam təmin olundu. Bununla da ölkəmiz qarşısında duran ən mühüm vəzifələrdən biri uğurla yerinə yetirildi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni şəhərlər və kəndlər salınır, yollar, körpülər, tunellər, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri tikilir. Beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun inkişafına əlavə töhfə verir. “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı təmin olunur. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar artıq yenidən öz evlərində məskunlaşırlar. Bu isə dövlətimizin gücünün, həyata keçirilən siyasətin uğurunun və xalqımızın əzmkarlığının göstəricisidir. Milli Qurtuluş Günü Azərbaycan tarixində sadəcə bir gün deyil, bütöv bir xalqın taleyində dönüş yaradan mühüm mərhələdir. Bu gün xalqın birliyinin, dövlətçilik ənənələrinə sadiqliyinin və milli həmrəyliyinin təntənəsidir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


























