Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm.
Azərbaycanda idmanın inkişafı son illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkədə müasir idman infrastrukturunun yaradılması, beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi, gənclərin idmana cəlb olunması və peşəkar idmançıların hazırlanması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları dünya və Avropa miqyaslı yarışlarda mühüm nailiyyətlər əldə edərək ölkəmizin beynəlxalq nüfuzunu daha da artırırlar. Xüsusilə güləş, cüdo, boks kimi ənənəvi idman növlərində qazanılan uğurlar Azərbaycanın idman ölkəsi kimi tanınmasına mühüm töhfə verir.
Bu uğurların davamı olaraq, Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan güləşçilərinin cənab Prezident tərəfindən qəbul edilməsi idman sahəsinə verilən yüksək dəyərin bariz nümunəsidir. Görüş zamanı dövlət başçısı idmançıların əldə etdiyi möhtəşəm qələbəni yüksək qiymətləndirərək onların əzmkarlığını və peşəkarlığını xüsusi vurğulamışdır. Prezident çıxışı zamanı qeyd etmişdir: “Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər”.
Görüş çərçivəsində idmançılar və məşqçilərlə səmimi söhbət aparılmış, onların gələcək planları, hazırlıq prosesləri və qarşıdakı yarışlarla bağlı fikirləri dinlənilmişdir. Prezident tərəfindən idmançıların daha böyük uğurlara imza atmaları üçün bütün zəruri şəraitin yaradılacağı bir daha vurğulanmışdır.
Bu cür qəbullar Azərbaycan idmançıları üçün əlavə motivasiya mənbəyi olmaqla yanaşı, gənc nəslin də idmana marağını artırır. Qazanılan nailiyyətlər göstərir ki, düzgün qurulmuş idman siyasəti və dövlət dəstəyi nəticəsində Azərbaycan idmanı gələcəkdə də beynəlxalq arenada uğurla təmsil olunacaqdır.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru

























