Milli Dövlətçilik Ənənələrinin Yeni Səhifəsi
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının dövlətçilik tarixində yeni və şərəfli bir mərhələnin başlanğıcı oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması və inkişafı istiqamətində mühüm addımlar atdı. Bu dövrdə qəbul edilən qərarlar və həyata keçirilən islahatlar gələcək müstəqil Azərbaycan dövlətinin əsasını təşkil etdi. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xidmətlərindən biri Azərbaycan vətəndaşlığı institutunun yaradılması idi. İlk dəfə olaraq ölkə əhalisi milli mənsubiyyətindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vahid Azərbaycan vətəndaşı statusu qazandı. Bu addım xalqın birliyinin möhkəmlənməsinə və müasir dövlətçilik düşüncəsinin formalaşmasına böyük təsir göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdən xalq hakimiyyəti və insanların hüquq bərabərliyi prinsiplərinə əsaslanırdı. Dövlət bütün vətəndaşlara eyni hüquqlar verərək irqi, milli, dini və sinfi ayrı-seçkiliyi aradan qaldırdı. Bu demokratik yanaşma Azərbaycanı Şərqin ən qabaqcıl dövlətlərindən birinə çevirmişdi.
Milli dövlət atributlarının yaradılması da Cümhuriyyətin tarixi xidmətləri sırasında xüsusi yer tutur. Dövlət bayrağı qəbul edildi, milli dövlətçilik rəmzləri formalaşdırıldı. Bu gün Azərbaycanın dövlət bayrağı xalqımızın azadlıq, istiqlal və milli birlik simvolu kimi qürurla dalğalanır. Azərbaycan Xalq Cümhuriyyəti milli ordunun qurulmasına da böyük əhəmiyyət verirdi. Qafqaz İslam Ordusu ilə birlikdə aparılan mübarizə nəticəsində Bakı şəhəri işğalçılardan azad edildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunması baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı. Milli ordunun yaradılması gələcək Azərbaycan Silahlı Qüvvələrinin təməlini qoydu. Qısa müddət ərzində Cümhuriyyət parlamenti tərəfindən mütərəqqi məzmunlu çoxsaylı qanunlar qəbul edildi. Təhsil, mədəniyyət, iqtisadiyyat və hüquq sahələrində həyata keçirilən islahatlar ölkənin inkişafına yönəlmişdi. Demokratik idarəçilik prinsiplərinə əsaslanan bu qanunlar Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik iradəsinin təcəssümü olmuşdur. Onun yaratdığı dövlətçilik ənənələri bu gün də müstəqil Azərbaycanın inkişaf yolunda əsas dayaqlardan biri olaraq qalır.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc-tələbə


















