image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17874825685031538124_1200x630

Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur

image-legitimaz-810x90

Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur

 

Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri zamanı səsləndirdiyi bu fikir Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yeni mərhələsinin mahiyyətini ifadə edir. Azərbaycan ilə Mərkəzi Asiya arasında tarixi, mədəni və mənəvi bağlarla yanaşı, onları getdikcə daha sıx şəkildə birləşdirən ortaq iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik maraqları formalaşıb. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan Mərkəzi Asiyanı Avropa və qlobal bazarlarla birləşdirən mühüm coğrafi həlqəyə, Mərkəzi Asiya dövlətləri isə Azərbaycanın Şərqə və Mərkəzi Asiyanın dərinliklərinə çıxışını genişləndirən strateji tərəfdaşlara çevrilirlər. Bu baxımdan artıq söhbət ayrı-ayrı dövlətlər arasında ikitərəfli münasibətlərdən daha geniş məzmun daşıyan, qarşılıqlı tamamlanan vahid geosiyasi və geoiqtisadi məkanın formalaşmasından gedir. Bu məkanın ən mühüm üstünlüklərindən biri onun Avropa ilə Asiya arasında yerləşən strateji coğrafiyasıdır. Azərbaycan Xəzər dənizi vasitəsilə Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələri ilə, qərbdə isə Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşir. Belə coğrafi mövqe Şərq–Qərb istiqamətində alternativ və daha dayanıqlı nəqliyyat marşrutlarının inkişafı üçün mühüm imkan yaradır. Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər, təchizat zəncirlərinin şaxələndirilməsi və tranzit yollarının təhlükəsizliyinə artan tələbat Azərbaycan–Mərkəzi Asiya xəttinin strateji əhəmiyyətini daha da yüksəldib. Orta Dəhliz bu baxımdan regionun iqtisadi potensialını birləşdirən əsas layihələrdən biridir. Çin və Mərkəzi Asiyadan başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut yalnız yük daşınması xətti deyil, eyni zamanda region ölkələrinin iqtisadi inteqrasiyasını sürətləndirən platformadır. Azərbaycanın nəqliyyat infrastrukturuna son illərdə yatırdığı böyük investisiyalar ölkənin bu dəhlizdəki rolunu əhəmiyyətli dərəcədə gücləndirib. 2025-ci ildə Azərbaycan ərazisindən nəqliyyat dəhlizləri vasitəsilə 32,5 milyon tona yaxın yük daşınıb. Bunun 16,9 milyon tonu Şərq–Qərb dəhlizinin payına düşüb. 2026-cı ilin ilk yeddi ayında isə Azərbaycandan keçən tranzit yüklərin həcmi 9,1 milyon tonu ötüb və son beş ilin ən yüksək göstəricisinə çatıb. Həmin dövrdə Şərq–Qərb istiqamətində tranzit yükdaşımaları 16,5 faiz artıb. Bu rəqəmlər Azərbaycanın artıq yalnız potensial tranzit ölkəsi olmadığını, faktiki olaraq regional logistika sisteminin mühüm iştirakçısına çevrildiyini göstərir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası, yenilənmiş avtomobil yolları və dəmir yolu infrastrukturu Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında logistika körpüsü rolunu möhkəmləndirir. Eyni zamanda Mərkəzi Asiya ölkələrinin öz nəqliyyat infrastrukturlarını modernləşdirməsi, Xəzər dənizində liman imkanlarını artırması və multimodal daşımaları inkişaf etdirməsi Orta Dəhlizin vahid regional sistem kimi fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır. Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın digər mühüm istiqaməti enerji sahəsidir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazını Avropa bazarlarına çatdırır. Mərkəzi Asiya ölkələrinin isə zəngin enerji resursları və artan enerji istehsalı imkanları mövcuddur. Bu potensialların birləşdirilməsi yalnız ənənəvi enerji resurslarının daşınması baxımından deyil, elektrik enerjisi, bərpa olunan enerji və yaşıl enerji dəhlizlərinin yaradılması baxımından da böyük perspektivlər açır. Xüsusilə Xəzər dənizinin enerji və logistika baxımından vahid regional platformaya çevrilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpa olunan enerjinin istehsalı və ixracı ilə bağlı əməkdaşlıq bu istiqamətdə yeni mərhələnin başlanğıcını göstərir. Xəzərin günəş və külək enerjisi potensialından istifadə etməklə istehsal olunan elektrik enerjisinin regional və daha sonra Avropa enerji sistemlərinə çıxarılması perspektivi Mərkəzi Asiya ilə Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Beləliklə, gələcəkdə region yalnız neft və qazın deyil, həm də yaşıl enerjinin istehsalı və tranziti baxımından mühüm mərkəzə çevrilə bilər.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki