Mərkəzi Asiya ölkələrinin şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi ölkəmizin investisiya mühitinə olan marağın göstəricilərindən biridir
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində nəqliyyat və logistika xüsusi yer tutur. Azərbaycanın Xəzər dənizinin sahilində yerləşməsi, Avropa ilə Asiya arasında mühüm nəqliyyat bağlantılarından birinə çevrilməsi ölkəmizin regional tranzit imkanlarını artırır. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyət daşıyır. Şərqdən Qərbə uzanan bu nəqliyyat marşrutu Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm rol oynayır. Azərbaycan isə bu marşrutun əsas həlqələrindən biri kimi çıxış edir.
Xəzər dənizi üzərindən yükdaşımaların inkişaf etdirilməsi, Azərbaycan və Mərkəzi Asiya limanları arasında əlaqələrin gücləndirilməsi, dəmir yolu və avtomobil yollarının imkanlarının artırılması region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsinə şərait yaradır.Nəqliyyat əlaqələrinin inkişafı yalnız yük daşımalarının artması demək deyil. Bu, eyni zamanda yeni investisiyaların cəlb olunmasına, logistika mərkəzlərinin yaradılmasına, xidmət sektorunun inkişafına və yeni iş imkanlarının formalaşmasına səbəb ola bilər. Azərbaycanın nəqliyyat infrastrukturu ilə Mərkəzi Asiyanın nəqliyyat imkanlarının əlaqələndirilməsi nəticəsində region ölkələri üçün yeni iqtisadi imkanlar meydana çıxır. Bu baxımdan nəqliyyat sahəsində əməkdaşlıq gələcək illərdə də Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında enerji sahəsi də mühüm yer tutur. Əvvəllər əsasən neft və qaz ixrac edən ölkə kimi tanınan Azərbaycanın son illərdə bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr əməkdaşlığın yeni istiqamətlərini ortaya çıxarıb. Azərbaycanın Xəzər dənizində külək enerjisi potensialından istifadə etməsi və yaşıl enerji layihələrinə diqqətin artırılması Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığı üçün də yeni imkanlar yaradır.
Enerji sistemlərinin əlaqələndirilməsi, elektrik enerjisinin ixracı və yaşıl enerjinin gələcəkdə müxtəlif marşrutlarla dünya bazarlarına çıxarılması istiqamətində əməkdaşlıq regionun enerji təhlükəsizliyinə töhfə verə bilər. Bu sahədə əməkdaşlıq Azərbaycanın yalnız ənənəvi enerji resurslarının ixracatçısı deyil, eyni zamanda yaşıl enerji və enerji tranziti sahəsində mühüm tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə imkan yaradır. Azərbaycan-Mərkəzi Asiya münasibətlərində diqqət çəkən məsələlərdən biri qarşılıqlı investisiyaların artmasıdır. Ölkələr arasında siyasi etimadın və iqtisadi əlaqələrin möhkəmlənməsi biznes dairələrinin də qarşılıqlı fəaliyyətini artırır.
Mərkəzi Asiya ölkələrinin şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi ölkəmizin investisiya mühitinə olan marağın göstəricilərindən biridir. Hazırda bu ölkələrin kapitalı ilə 400-dən çox şirkətin Azərbaycanda aktiv fəaliyyət göstərməsi iqtisadi əlaqələrin konkret nəticələrindən biri kimi qiymətləndirilə bilər. Digər tərəfdən Azərbaycan şirkətləri üçün Mərkəzi Asiya bazarları da yeni imkanlar yaradır. Tikinti, kənd təsərrüfatı, logistika, enerji, sənaye, xidmət və digər sahələrdə Azərbaycan biznesinin region ölkələrində fəaliyyət imkanlarının genişləndirilməsi iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradır.
Elton Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

























