Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni imkanlar
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində nəzərəçarpacaq canlanma müşahidə olunur. Əvvəllər əsasən siyasi və diplomatik münasibətlər çərçivəsində inkişaf edən əlaqələr bu gün iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat və birgə layihələri də əhatə edir. Azərbaycan artıq region ölkələri ilə daha sıx əməkdaşlıq edən tərəfdaşlardan birinə çevrilib. Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət yetirib. Dövlət başçısı bildirib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Prezident qarşılıqlı yüksək səviyyəli səfərlərin müntəzəm xarakter aldığını vurğulayıb.
Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadi-ticari əlaqələrdir. Prezident İlham Əliyevin sözlərinə görə, iqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Bu proses iki tərəf arasında əlaqələrin daha praktik və nəticəyönümlü xarakter aldığını göstərir. Əlaqələrin genişlənməsi ticarət göstəricilərində də özünü göstərir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Bu rəqəmlər qarşılıqlı iqtisadi marağın və biznes əlaqələrinin getdikcə artdığını göstərir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması da əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm amillərdəndir. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Prezident İlham Əliyev həmin vəsaitlərdən birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün daha fəal istifadə edilməsinin vacibliyini bildirib.
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında nəqliyyat və logistika da mühüm yer tutur. Ölkəmizin Şərq-Qərb və digər beynəlxalq nəqliyyat marşrutlarında yerləşməsi Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün mühüm tərəfdaşlardan birinə çevirir. Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi region ölkələrinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirir. Əməkdaşlığın genişlənməsi yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Təhsil, mədəniyyət, humanitar əlaqələr və digər sahələrdə də qarşılıqlı münasibətlər inkişaf edir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tarixi və mədəni yaxınlıq bu əlaqələrin daha da möhkəmlənməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin 8 oktyabr tarixli çıxışında vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər artıq daha geniş sahələri əhatə edir. Qarşılıqlı səfərlərin artması, ticarətin genişlənməsi, investisiyaların çoxalması və birgə layihələrin həyata keçirilməsi bu əməkdaşlığın konkret nəticələridir.
Bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının inkişafı həm ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, həm də regionda yeni nəqliyyat, investisiya və istehsal layihələrinin həyata keçirilməsinə şərait yaradır. Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü də bu baxımdan Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı fəaliyyətin yeni imkanlarını müzakirə etmək üçün mühüm platforma oldu.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən Əliyeva


























