Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir
Azərbaycanı və Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Azərbaycan bu ölkələr üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.
Günü-gündən mühüm şəkildə irəliləyən inkişaf sayəsində böyük ideala, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də Türk Dövlətləri Təşkilatı üçün əlverişli imkanlar yaradır.
Türk Dövlətləri Təşkilatı ilə münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.
Türk Dövlətləri Təşkilatının ötən illərdəki fəaliyyətinin xronologiyasının təsviri nöqteyi-nəzərindən mühüm istiqamətlərlə zəngin olduğunu aydın şəkildə görə bilərik. Həmin istiqamətlərin hər birində ölkəmizin imzasının olması hər kəsə yaxşı məlumdur. Azərbaycan qurumun müxtəlif səviyyəli toplantılarını gerçəkləşdirib, onun stukturlarının formalaşmasına təşkilati və texniki dəstək göstərib ki, bütün bunlar üzv dövlətlərin cəmiyyətlərinin bir-birinə sıx şəkildə inteqrasiyasında həlledici missiyadır.
Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.
Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır. Xüsusilə sərhədlərimizin perimetri boyunca mövcud olan bugünkü şəraitdə enerji təhlükəsizliyi ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru
























