Belarus Prezidenti Aleksandr Lukaşenko dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreyanın (KXDR) ali rəhbəri Kim Çen In haqqında beynəlxalq mətbuatda böyük əks-səda doğuracaq və Qərb dairələrini heyrətə salacaq sensasiyalı bəyanatlarla çıxış edib.
Xeberaz.info xəbər verir ki, Belarus lideri Şimali Koreya rəhbərinin onda çox ciddi və dərin təəssürat yaratdığını rəsmən bəyan edib. Kim Çen Inı “perspektivli gənc” və yüksək intellekt sahibi kimi xarakterizə edən Lukaşenko, dünya mediasının onun barəsində yaratdığı mənfi obrazı darmadağın edib.
Belarus dövlət başçısı Şimali Koreya liderini Qərbin ittihamlarından müdafiə edərək deyib: “Şimali Koreyanın rəhbəri Kim Çen In məndə olduqca ciddi və müsbət təəssürat oyatdı. O, çox ağıllı, parlaq zəkalı, perspektivli və tam mənası ilə geniş əməkdaşlığa hədəflənmiş bir gəncdir. Qərbin iddia etdiyi kimi, onun heç bir diktatorluq keyfiyyəti yoxdur, o, diktator deyil”.
Siyasi analitiklər Lukaşenkonun bu kəskin və tərif dolu çıxışını Minsk ilə Pxenyan arasında son dövrlər formalaşan hərbi-siyasi yaxınlaşmanın və ABŞ-ın rəhbərlik etdiyi qlobal sanksiya koalisiyasına qarşı yaradılan yeni güc oxunun bariz nümunəsi kimi qiymətləndirirlər.




















