image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17904003492922920463_1200x630

Logistika, nəqliyyat və enerji – yeni iqtisadi inkişafın strateji dayaqları

image-legitimaz-810x90

Logistika, nəqliyyat və enerji – yeni iqtisadi inkişafın strateji dayaqları

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın iqtisadi inkişaf strategiyasında logistika, nəqliyyat, bağlantılar və enerji potensialının getdikcə daha mühüm rol qazandığını göstərir. Müasir dünya iqtisadiyyatında rəqabət yalnız istehsal imkanları və təbii resurslarla məhdudlaşmır. Ölkələrin beynəlxalq bazarlara çıxışı, etibarlı nəqliyyat marşrutlarına malik olması və enerji təminatının dayanıqlığı investisiya qərarlarında mühüm amillərə çevrilir.

Azərbaycan son illərdə bu istiqamətlərdə məqsədyönlü infrastruktur layihələri həyata keçirərək öz tranzit imkanlarını genişləndirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, böyük tranzit ölkəsinə çevrilmək üçün yalnız milli imkanlar kifayət etmir, qonşu dövlətlərlə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Çünki nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyəti bir ölkənin sərhədləri daxilində deyil, regionlararası əlaqələrin bütövlüyü əsasında formalaşır. Bu baxımdan Azərbaycanın qonşu ölkələrlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı onun logistika imkanlarının genişlənməsinə əlavə şərait yaradır.

Qlobal iqtisadiyyatda təchizat zəncirlərinin müxtəlif risklərlə üzləşdiyi indiki mərhələdə alternativ nəqliyyat marşrutlarına tələbat da artır. Azərbaycanın coğrafi mövqeyi, Xəzər üzərindən Mərkəzi Asiyaya və daha geniş coğrafiyaya çıxış imkanları ölkənin tranzit əhəmiyyətini artıran əsas amillərdəndir. Yaradılan fiziki infrastrukturla yanaşı, investorlar üçün daha əlverişli və anlaşılan biznes mühitinin formalaşdırılması bu potensialın iqtisadi nəticələrə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezidentin çıxışında diqqət çəkilən digər mühüm istiqamət isə Azərbaycanın enerji potensialından daha səmərəli istifadə məsələsidir. Artıq ölkədə formalaşan əlavə elektrik enerjisi imkanları qarşıdakı dövrdə həm daxili tələbatın ödənilməsinə, həm də ixracın genişləndirilməsinə xidmət edə bilər. Xüsusilə süni intellekt və data mərkəzlərinin inkişafı fonunda elektrik enerjisinə tələbatın artması yeni investisiya imkanları yaradır. Bu isə enerji sektorunun yalnız ənənəvi ixrac istiqamətində deyil, yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyatla əlaqəli şəkildə inkişaf etdirilməsini gündəmə gətirir.

Bu potensialın reallaşdırılması üçün elektrik enerjisinin ötürülməsi infrastrukturu da mühüm əhəmiyyət kəsb edir. Mövcud ötürücü xətlərin genişləndirilməsi, yeni xətlərin inşası və enerji sisteminin imkanlarının artırılması gələcək iqtisadi artım üçün vacib baza yaradır. Başqa sözlə, enerji istehsalının artması ilə yanaşı, həmin enerjinin istehlakçıya və xarici bazarlara etibarlı şəkildə çatdırılması da strateji vəzifədir.

Logistika, nəqliyyat və enerji sahələrinin paralel inkişafı Azərbaycanın investisiya imkanlarını genişləndirən qarşılıqlı bağlı iqtisadi sistem formalaşdırır. Nəqliyyat dəhlizləri ölkəni bazarlarla, enerji infrastrukturu isə istehsalı və yeni texnologiyaları iqtisadi dövriyyə ilə birləşdirir. Bu baxımdan qarşıdakı mərhələdə infrastruktur layihələrinin həyata keçirilməsi təkcə nəqliyyat və enerji məsələsi deyil, Azərbaycanın yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindən biri kimi çıxış edir.

 

Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki