Laçının işğalı və sonradan azad olunması Azərbaycan tarixinin həm ən ağrılı, həm də ən qürurlu səhifələrindən biridir
Laçının işğalı ilə bağlı hadisələrə bugün nəzər saldıqda aydın görünür ki, Ermənistanın məqsədi yalnız müəyyən ərazini işğal etmək deyildi. Əsas məqsəd Azərbaycanın Qarabağ bölgəsini ölkədən ayırmaq, işğal edilmiş ərazilər arasında coğrafi əlaqə yaratmaq və gələcəkdə bu işğalı möhkəmləndirmək idi. Laçın bu planın həyata keçirilməsində ən mühüm ərazilərdən biri hesab olunurdu. Lakin tarix göstərdi ki, heç bir işğal əbədi deyil. Azərbaycan xalqı uzun illər Laçın həsrəti ilə yaşasa da, doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədi. Dövlətin güclənməsi, xalqla hakimiyyət arasında birliyin yaranması və güclü ordunun qurulması nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Laçın rayonunun böyük hissəsi Azərbaycana qaytarıldı. Daha sonra Laçın şəhəri və rayonun digər əraziləri də tam nəzarətimizə götürüldü.Laçına Azərbaycan bayrağının yenidən ucaldılması xalqımız üçün böyük qürur və tarixi ədalətin bərpası demək idi. İllərlə öz yurduna həsrət qalan laçınlılar nəhayət ki, doğma torpaqlarına qayıtmaq imkanı qazandılar. Bu gün Laçında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, yeni yollar, yaşayış məntəqələri və sosial obyektlər tikilir.
Laçının işğalı və sonradan azad olunması Azərbaycan tarixinin həm ən ağrılı, həm də ən qürurlu səhifələrindən biridir. Keçmişin səhvlərindən nəticə çıxarmaq hər bir xalq üçün vacibdir. Laçının işğalı bizə göstərdi ki, dövlətçilik, milli birlik və güclü ordu olmadan ölkənin təhlükəsizliyini təmin etmək mümkün deyil. Bu gün artıq Laçın azaddır. Bir vaxtlar düşmənin məkrli planlarının həyata keçirilməsi üçün istifadə olunan bu torpaq indi yenidən Azərbaycanın ayrılmaz hissəsi kimi dirçəlir. Laçında həyat yenidən canlanır, yollar çəkilir, evlər tikilir, insanlar doğma yurdlarına qayıdırlar.Azərbaycan xalqı Laçınla bağlı yaşadığı ağrıları heç vaxt unutmayacaq. Ancaq bu gün həmin ağrı böyük qürur hissi ilə əvəz olunub. Çünki Laçın artıq azaddır və üçrəngli Azərbaycan bayrağı bu qədim Azərbaycan torpağında əbədi dalğalanır. Tarixin acı dərsləri isə bizə bir həqiqəti bir daha xatırladır: dövlətin və xalqın maraqları hər zaman şəxsi və siyasi maraqlardan üstün tutulmalı, milli birlik qorunmalı və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü daim möhkəmləndirilməlidir.
Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc
























