image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

Laçın – tarixdən gələcəyə uzanan dirçəliş yolu

image-legitimaz-810x90

Laçın – tarixdən gələcəyə uzanan dirçəliş yolu

 

Laçın şəhəri Azərbaycanın qədim və füsunkar bölgələrindən birinin tarixini, milli yaddaşını və bu günə qədər keçdiyi mürəkkəb yolu bir daha diqqətə gətirir. Zəngin təbiəti, strateji mövqeyi və qədim yaşayış məskənləri ilə seçilən Laçın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi özünəməxsus tarixə malikdir.

Laçının şəhər kimi formalaşması ötən əsrin əvvəllərinə təsadüf edir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinin Laçın adlandırılması və şəhər statusu alması bölgənin inzibati və sosial həyatında mühüm mərhələ oldu. 1930-cu il avqustun 8-də Laçın rayonunun inzibati ərazi vahidi kimi yaradılması ilə şəhər rayonun mərkəzinə çevrildi. Bu tarix Laçının ictimai-siyasi və iqtisadi həyatında yeni mərhələnin başlanğıcı kimi yadda qaldı.

Laçın rayonu coğrafi mövqeyinə və təbii sərvətlərinə görə Azərbaycanın xüsusi əhəmiyyət daşıyan bölgələrindən biridir. Rayon şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. 1835 kvadratkilometr əraziyə malik Laçın dağlıq relyefi, zəngin meşələri, yaylaqları, çayları və mineral suları ilə seçilir. Rayonun 72 min hektar yaylaq sahəsi və 34 min hektar zəngin meşə massivi onun böyük təbii potensialından xəbər verir.

Laçının adı Azərbaycan xalqının yaddaşında həm də ağır sınaqlar və qəhrəmanlıq salnaməsi ilə bağlıdır. Uzun illər işğal altında qalan rayonun sakinləri doğma yurdlarından didərgin düşsələr də, Laçına qayıdış ümidini heç vaxt itirmədilər. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan tarixi Zəfərdən sonra Laçının azad olunması bu ümidləri gerçəyə çevirdi.

Laçının azadlığı ilə şəhərin və rayonun həyatında yeni səhifə açıldı. Dağıdılmış və viran qoyulmuş yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, sosial obyektlərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi Laçının gələcək inkişafının möhkəm təməlini formalaşdırır.

Bu gün Laçın yalnız tarixi keçmişi ilə deyil, yenidən qurulan, dirçələn və gələcəyə inamla addımlayan şəhər kimi diqqət çəkir. Burada həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzurun bərpası strategiyasının mühüm tərkib hissəsidir. Laçının təbii imkanlarından səmərəli istifadə, turizm potensialının inkişafı, yeni iş yerlərinin yaradılması və müasir şəhər mühitinin formalaşdırılması qarşıdakı dövrdə bölgənin iqtisadi və sosial həyatına mühüm töhfələr verəcək.

26 Avqust – Laçın şəhəri günü bu baxımdan sadəcə bir təqvim günü deyil. Bu tarix keçmişin yaddaşı, bu günün qüruru və gələcəyə olan inamın rəmzidir. Laçın öz tarixi adını, milli ruhunu və təbii gözəlliyini qoruyaraq yenidən Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevrilir. Dağların qoynunda yerləşən bu qədim yurdun yeni həyatı həm də Azərbaycan xalqının doğma torpaqlarına bağlılığının və qurub-yaratmaq əzminin parlaq nümunəsidir.

 

Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki