Laçın – işğaldan dirçəlişə uzanan tarixi yol
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, tarixi-mədəni irsi və Qarabağla Ermənistan arasında yerləşən mühüm kommunikasiya xətti üzərində qərar tutması baxımından hər zaman xüsusi əhəmiyyət kəsb edib. Məhz bu strateji mövqe Laçını Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi-siyasi maraqlarının əsas hədəflərindən birinə çevirib.
1992-ci il mayın 18-də Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun dinc əhalisi doğma yurdlarından zorla çıxarılıb, etnik təmizləməyə məruz qalıb. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxsin həlak olması və ya itkin düşməsi Laçın faciəsinin ağır demoqrafik və humanitar nəticələrini göstərir. Rayonun yaşayış məntəqələrinin dağıdılması ilə yanaşı, onun sosial-iqtisadi və mədəni infrastrukturu da məqsədyönlü şəkildə məhv edilib.
İşğal dövründə 217 mədəniyyət, 101 təhsil və 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə müəssisəsi, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, internat məktəbi, orta texniki peşə məktəbi, avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və dağıntılara məruz qalıb. Bu faktlar işğalın yalnız ərazi üzərində nəzarətin dəyişdirilməsi ilə məhdudlaşmadığını, həm də əhalinin sosial-mədəni həyatının və tarixi yaddaşının sistemli şəkildə sıradan çıxarılmasına yönəldiyini göstərir.
Laçının tarixi-mədəni irsinə vurulan zərər isə ayrıca elmi və hüquqi qiymətləndirmə tələb edən məsələlərdəndir. Rayon ərazisində 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidənin vandalizmə məruz qalması Azərbaycanın maddi mədəni irsinə qarşı törədilmiş ciddi dağıntıların miqyasını nümayiş etdirir. Tarixi abidələrin, dini və memarlıq nümunələrinin məhv edilməsi yalnız fiziki itki deyil, həm də xalqın kollektiv yaddaşına, tarixi identikliyinə və mədəni varisliyinə yönəlmiş zərər kimi qiymətləndirilməlidir.
Laçının taleyində dönüş nöqtəsi 2020-ci il Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar oldu. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması ilə ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ başa çatdı. Bununla yanaşı, Laçının yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Bu gün Laçın yalnız işğaldan azad edilmiş ərazi kimi deyil, həm də postmünaqişə dövründə bərpa və reinteqrasiyanın mühüm nümunəsi kimi nəzərdən keçirilir. Şəhərdə və rayonun kəndlərində aparılan genişmiqyaslı quruculuq işləri, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşası və əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı Laçının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
26 Avqust – Laçın Şəhəri Günü tarixi yaddaşla müasir inkişafın qovuşduğu rəmzi tarixdir. Bu gün Laçının keçmişdə üzləşdiyi işğal və dağıntıların xatırlanması ilə yanaşı, onun gələcək inkişaf perspektivlərinin, tarixi-mədəni irsinin qorunmasının və dayanıqlı yaşayış məkanına çevrilməsinin əhəmiyyətini də ön plana çıxarır. Laçının dirçəlişi Azərbaycanın ərazi bütövlüyünün bərpasının nəticəsi olmaqla yanaşı, tarixi ədalətin və milli-mədəni irsin bərpası baxımından da mühüm əhəmiyyət daşıyır.
Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini

























