image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9zpomgjzqhrl

Kəndlərdə sosial şəraitin yaxşılaşdırılması da vacib məsələdir

image-legitimaz-810x90

Kəndlərdə sosial şəraitin yaxşılaşdırılması da vacib məsələdir

 

Uzun illərdir ki, insanlar daha yaxşı iş, rahat həyat və geniş imkanlar üçün kəndlərdən şəhərlərə üz tuturlar. Bu proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur. Şəhərlərin böyüməsi, kəndlərin isə boşalması zamanla müxtəlif problemlər yaradıb. Bu gün artıq bir çox ölkələrdə və bizim ölkəmizdə də belə bir fikir daha çox səslənir: elə etməliyik ki, kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Çünki kənd yalnız yaşayış məntəqəsi deyil, həm də milli dəyərlərimizin, torpağa bağlılığımızın və ərzaq təhlükəsizliyimizin əsas dayağıdır.

Əvvəllər kənd həyatı daha çətin hesab olunurdu. İnsanlar düşünürdülər ki, inkişaf yalnız şəhərdə mümkündür. Amma zaman dəyişdikcə kəndlərin də inkişafı üçün böyük imkanlar yaranıb. Müasir texnologiyalar, yeni yollar, internet, kənd təsərrüfatına verilən subsidiyalar və dövlət proqramları kənd həyatını əvvəlki illərlə müqayisədə xeyli rahatlaşdırıb. Bu gün kənddə yaşayan insan həm təsərrüfatla məşğul ola, həm də müasir texnologiyalardan istifadə edərək öz işini qura bilir.

Şəhərlərdə əhalinin həddindən artıq artması bir sıra problemlər yaradır. Tıxaclar, hava çirklənməsi, yüksək kirayə qiymətləri, işsizlik və stress insanların gündəlik həyatına mənfi təsir edir. Bir çox insan artıq şəhərin yorucu həyatından uzaqlaşıb daha sakit və sağlam mühitdə yaşamaq istəyir. Kəndlər isə təmiz hava, təbii qida və sakit həyat baxımından insanlara daha rahat şərait təqdim edir.

Kəndlərə qayıdışın əsas şərtlərindən biri həmin ərazilərdə iş imkanlarının artırılmasıdır. İnsan yalnız yaşayış üçün deyil, həm də qazanc əldə etmək üçün kənddə qalmalıdır. Bu baxımdan kənd təsərrüfatının inkişafı xüsusi əhəmiyyət daşıyır. Fermerlik, heyvandarlıq, bağçılıq, arıçılıq və digər sahələr insanlara sabit gəlir gətirə bilər. Dövlət tərəfindən verilən güzəştli kreditlər, texnika dəstəyi və subsidiyalar da kənd adamının işini asanlaşdırır.

Son illərdə aqroparkların yaradılması, soyuducu anbarların tikilməsi və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsi kənd yerlərində iqtisadi fəallığı artırıb. Bu isə kənddə yaşayan insanların gəlir imkanlarını genişləndirir. Əgər kənddə qazanc varsa, insanlar doğma yurdlarını tərk etməz, əksinə şəhərdə yaşayan bəzi insanlar da kəndə qayıdıb yeni təsərrüfat qurmaq istəyər.

Kəndlərdə sosial şəraitin yaxşılaşdırılması da vacib məsələdir. Müasir məktəblər, xəstəxanalar, internet, yollar və digər infrastruktur layihələri insanların kənddə rahat yaşaması üçün əsas şərtlərdəndir. Bu gün bir çox kəndlərdə yeni məktəblər tikilir, qaz, işıq və su problemləri həll olunur. Bu işlər davam etdikcə kənd həyatı daha cəlbedici olacaq.

Kəndə qayıdış həm də milli dəyərlərimizin qorunması deməkdir. Azərbaycan xalqının kökü kəndlə bağlıdır. Adətlərimiz, milli mətbəximiz, folklorumuz və ailə ənənələrimiz əsasən kənd mühitində yaşayıb qorunub. Kəndlərin boşalması bu dəyərlərin zəifləməsinə səbəb ola bilər. Ona görə kəndlərin yaşaması milli kimliyimizin yaşaması deməkdir. Bu gün dünyada ekoloji təmiz və təbii məhsullara maraq artır. Azərbaycanda kənd təsərrüfatının inkişafı həm daxili bazarın təmin olunması, həm də ixrac imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə kəndlərdə yeni iş yerlərinin açılması deməkdir. İnsan öz torpağında işləyib qazanc əldə etdikdə həm ölkə iqtisadiyyatı güclənir, həm də kəndlər inkişaf edir. Şəhərlərdən kəndlərə qayıdış prosesi birdən-birə baş verə bilməz. Bunun üçün uzunmüddətli inkişaf proqramları, davamlı dövlət dəstəyi və insanların kənd həyatına marağının artırılması vacibdir. Ən əsası isə kənddə yaşayan insan özünü diqqətdən kənarda hiss etməməlidir. O bilməlidir ki, onun əməyi dövlət və cəmiyyət üçün qiymətlidir.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki