image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-eliyev-gorus

Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var

image-legitimaz-810x90

Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var.

 

Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında kənd təsərrüfatı strateji sahələrdən biri hesab olunur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda məşğulluğun artırılması, ixrac potensialının genişləndirilməsi və kənd yerlərində sosial rifahın yüksəldilməsi baxımından aqrar sektorun inkişafı xüsusi əhəmiyyət daşıyır. Son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində kənd təsərrüfatında mühüm nailiyyətlər əldə olunub. Xüsusilə subsidiyaların tətbiqi fermerlərin fəaliyyətinə güclü stimul verərək məhsuldarlığın artmasına və müasir kənd təsərrüfatının formalaşmasına geniş imkan yaradıb.

Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı aqrar sahənin inkişafına dair mühüm fikirlər səsləndirib. Prezident bildirib ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var və Azərbaycan bu istiqamətdə genişmiqyaslı subsidiya mexanizmləri tətbiq edən nadir ölkələrdən biridir. Dövlət başçısı vurğulayıb ki, subsidiya sistemi çevik olmalı, məhsul və region xüsusiyyətlərinə uyğun şəkildə daim təkmilləşdirilməlidir.

Əslində subsidiyalar kənd təsərrüfatının inkişafında iqtisadi dayaq rolunu oynayır. Aqrar fəaliyyət təbiət şəraitindən, iqlim dəyişikliklərindən və bazar risklərindən asılı olduğuna görə fermerlər tez-tez müxtəlif çətinliklərlə qarşılaşırlar. Belə hallarda dövlət dəstəyi kənd təsərrüfatı istehsalçılarının fəaliyyətini davam etdirməsinə, məhsul istehsalını artırmasına və yeni texnologiyalara investisiya qoymasına imkan yaradır. Xüsusilə toxum, gübrə, yanacaq, texnika və suvarma xərclərinin bir hissəsinin subsidiya şəklində ödənilməsi fermerlərin maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır. Elektron kənd təsərrüfatı sisteminin tətbiqi kənd təsərrüfatında idarəetmənin keyfiyyətini artırdı. Fermerlər artıq subsidiya almaq üçün uzun prosedurlarla üzləşmir, müraciətlər elektron qaydada emal olunur. Bu isə şəffaflığın yüksəlməsinə, korrupsiya risklərinin azalmasına və dövlət dəstəyinin daha ünvanlı şəkildə çatdırılmasına səbəb olub. Eyni zamanda dövlətin aqrar sektor üzrə statistik məlumatları daha dəqiq toplamasına və planlaşdırmanı səmərəli qurmasına imkan yaranıb.

Subsidiyalar kənd yerlərində sosial rifahın yüksəlməsində də mühüm rol oynayır. Aqrar sahənin inkişafı yeni iş yerlərinin açılmasına, kənd əhalisinin gəlirlərinin artmasına və daxili miqrasiyanın azalmasına şərait yaradır. Bu baxımdan subsidiyalar yalnız iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıyan dövlət siyasəti alətidir. Regionların inkişaf proqramlarının uğurla icrası nəticəsində kəndlərdə yol, elektrik, su və digər infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının daha sürətli inkişafına imkan yaradıb. Prezident İlham Əliyev müşavirədə məhz bu məsələlərə toxunaraq son illərdə su anbarlarının tikildiyini, kanalların yenidən qurulduğunu və kənd yollarının inşa edildiyini diqqətə çatdırıb.

Müşavirədə səsləndirilən fikirlər bir daha göstərdi ki, Azərbaycan dövləti kənd təsərrüfatının inkişafını uzunmüddətli milli prioritet kimi müəyyən edib. Fermerlərin dövlət qayğısı ilə əhatə olunması, subsidiyaların daim təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və aqrar islahatların davam etdirilməsi kənd təsərrüfatının gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki