Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir
Kənd təsərrüfatı hər bir dövlətin iqtisadi inkişafında mühüm rol oynayan əsas sahələrdən biridir. İnsanların ərzaq məhsulları ilə təmin olunması, regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından kənd təsərrüfatının əhəmiyyəti olduqca böyükdür. Azərbaycan da qədim kənd təsərrüfatı ənənələrinə malik ölkələrdən biri kimi bu sahənin inkişafına hər zaman xüsusi diqqət yetirmişdir. Son illərdə həyata keçirilən dövlət proqramları, aqrar sahəyə göstərilən maliyyə dəstəyi və regionların inkişafı istiqamətində görülən işlər kənd təsərrüfatının daha da inkişaf etməsinə geniş imkanlar yaratmışdır. Azərbaycan iqtisadiyyatının neft sektoru ilə yanaşı, qeyri-neft sahəsinin inkişafı da mühüm əhəmiyyət daşıyır. Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri isə kənd təsərrüfatıdır. Məhz buna görə də ölkədə aqrar sahənin inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçildikdən sonra 2004-cü ildə regional inkişaf proqramlarının qəbul edilməsi ölkənin iqtisadi həyatında mühüm dönüş yaratdı. Həmin proqramların əsas istiqamətlərindən biri kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilən birinci beşillik proqram regionlarda mövcud olan bir çox problemlərin həllinə kömək etdi. Kənd yolları yenidən quruldu, elektrik, qaz və su təminatı yaxşılaşdırıldı, fermerlərin fəaliyyəti üçün daha əlverişli şərait yaradıldı. Birinci regional inkişaf proqramının uğurlu nəticələri göstərdi ki, bu siyasətin davam etdirilməsi vacibdir. Sonrakı illərdə də yeni regional inkişaf proqramları qəbul olundu və kənd təsərrüfatı daim diqqət mərkəzində saxlanıldı. Bu proqramlar çərçivəsində kənd yerlərində sosial infrastrukturun yenilənməsi, yeni emal müəssisələrinin yaradılması, suvarma sistemlərinin qurulması və kənd təsərrüfatı texnikalarının yenilənməsi istiqamətində mühüm işlər görüldü. Bütün bunlar kənd təsərrüfatının inkişafına böyük təkan verdi və regionların iqtisadi potensialını artırdı.
Kənd təsərrüfatının inkişafı ilk növbədə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyi hər bir dövlətin əsas prioritet məsələlərindən biridir. Əhalinin keyfiyyətli və kifayət qədər ərzaq məhsulları ilə təmin olunması üçün kənd təsərrüfatının davamlı inkişafı vacibdir. Azərbaycanda bu istiqamətdə görülən tədbirlər nəticəsində yerli istehsal artmış, bir çox məhsullar üzrə idxaldan asılılıq azalmışdır. Taxılçılıq, tərəvəzçilik, meyvəçilik, pambıqçılıq və heyvandarlıq kimi sahələrdə əldə olunan nailiyyətlər ölkənin aqrar potensialının güclü olduğunu göstərir. Fermerlərə göstərilən dövlət dəstəyi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Dövlət tərəfindən subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə təqdim olunması fermerlərin fəaliyyətini daha da genişləndirir. Gübrə və toxum təminatının yaxşılaşdırılması məhsuldarlığın artmasına səbəb olur. Fermerlərin maddi vəziyyətinin yaxşılaşdırılması isə kənd yerlərində yaşayan insanların sosial rifahına müsbət təsir göstərir.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov



















