IV Şuşa Qlobal Media Forumu beynəlxalq media platforması kimi mövqeyini möhkəmləndirir
Şuşada keçirilən IV Qlobal Media Forumu bu il də geniş beynəlxalq iştirakla diqqət çəkib. Prezident İlham Əliyevin forum çərçivəsindəki çıxışında vurğulandığı kimi, tədbir artıq regional təşəbbüs çərçivəsini aşaraq qlobal media dialoqunun mühüm platformalarından birinə çevrilib. Forumun coğrafiyasının hər il genişlənməsi, iştirakçı sayının artması və müxtəlif ölkələrdən media nümayəndələrinin Şuşada bir araya gəlməsi bu prosesin davamlı xarakter aldığını göstərir.
Bu il Forumda 53 ölkədən 160 nümayəndə iştirak edir. Tədbirə dünyanın müxtəlif regionlarını təmsil edən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, həmçinin media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat qatılıb. Bu göstəricilər Forumun beynəlxalq nüfuzunun yüksəldiyini və qlobal media ictimaiyyətinin tədbirə marağının artdığını təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Forum artıq ənənəvi beynəlxalq media platforması statusu qazanıb. Son dörd il ərzində keçirilən forumlar ümumilikdə 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Bu dinamika tədbirin ildən-ilə daha geniş auditoriyanı əhatə etdiyini və media əməkdaşlığının inkişafı baxımından əhəmiyyətli rol oynadığını göstərir.
Şuşa Qlobal Media Forumu müxtəlif ölkələrdən jurnalistlər, media rəhbərləri, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri üçün fikir mübadiləsi aparmaq, müasir media çağırışlarını müzakirə etmək və peşəkar əməkdaşlıq əlaqələrini genişləndirmək baxımından əlverişli platforma rolunu oynayır. Forum çərçivəsində keçirilən panel müzakirələri, təqdimatlar və açıq dialoqlar informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellektin media sektoruna təsiri və dezinformasiya ilə mübarizə kimi aktual mövzuları əhatə edir.
Beynəlxalq iştirakçıların sayının artması, müxtəlif qitələri təmsil edən media qurumlarının Forumda təmsil olunması Şuşanın beynəlxalq dialoq məkanına çevrilməsinə də töhfə verir. Tədbir iştirakçıları yalnız peşəkar müzakirələrdə iştirak etmir, eyni zamanda Azərbaycanın tarixi, mədəni irsi və bərpa olunan əraziləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
Mütəxəssislərin fikrincə, Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya məkanında əməkdaşlığın genişləndirilməsi, media nümayəndələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və qlobal çağırışlara ortaq yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətini ildən-ilə artırır. İştirak coğrafiyasının genişlənməsi və nüfuzlu media qurumlarının tədbirə artan marağı Forumun gələcək illərdə də beynəlxalq media gündəliyinin vacib platformalarından biri olaraq inkişaf edəcəyini göstərir.
Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini


























