İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycan iqtisadiyyatı davamlı inkişaf dinamikası ilə seçilərək regionun aparıcı iqtisadi güclərindən birinə çevrilib. Enerji sektorunda əldə olunan uğurlar ölkənin maliyyə dayanıqlığını təmin etməklə yanaşı, qeyri-neft sahələrinin inkişafına da geniş imkanlar yaradıb. Sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və rəqəmsal iqtisadiyyat istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi modelini daha çevik və dayanıqlı edib. Xüsusilə beynəlxalq enerji layihələrində fəal iştirak və Avropanın enerji təhlükəsizliyinə töhfə verilməsi ölkənin qlobal iqtisadi sistemdə rolunu əhəmiyyətli dərəcədə artırıb.
2026-cı il mayın 4-də Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər enerji əməkdaşlığının gələcək perspektivlərini bir daha gündəmə gətirib. Görüşdən sonra mətbuata bəyanatla çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. Prezident çıxışı zamanı qeyd edib ki; “İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.” Bu bəyanat Azərbaycan ilə İtaliya arasında enerji tərəfdaşlığının dərin və qarşılıqlı faydalı xarakter daşıdığını göstərir. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Onun əsas seqmentlərindən biri olan Trans Adriatik Boru Kəməri vasitəsilə Azərbaycan qazının Avropa bazarına çatdırılması artıq reallığa çevrilib və bu istiqamətdə genişləndirmə planları əməkdaşlığın uzunmüddətli perspektivlərini daha da gücləndirir.
Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin strateji baxışa əsaslandığını və beynəlxalq tərəfdaşlarla qarşılıqlı maraqlara uyğun şəkildə inkişaf etdirildiyini nümayiş etdirir. Bu yanaşma ölkənin həm iqtisadi gücünü artırır, həm də onu Avropa üçün etibarlı enerji tərəfdaşı kimi ön plana çıxarır.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru
























