İtaliya Azərbaycan üçün yalnız dost dövlət deyil, eyni zamanda etibarlı və strateji tərəfdaşdır
Son illərdə iki ölkə arasında münasibətlər ardıcıl şəkildə inkişaf edərək yüksək səviyyəyə çatmış, qarşılıqlı maraqlara və etimada əsaslanan əməkdaşlıq nümunəvi xarakter almışdır. Bu gün Azərbaycan İtaliyanın regionda əsas ticarət tərəfdaşlarından biri kimi çıxış edir ki, bu da əlaqələrin real iqtisadi əsaslara söykəndiyini göstərir.
Xüsusilə enerji sahəsi Azərbaycan–İtaliya münasibətlərinin əsas dayaqlarından biridir. Azərbaycan İtaliya üçün mühüm həcmdə xam neft ixrac edən ölkə olmaqla yanaşı, Trans-Adriatik qaz kəməri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bu marşrut çərçivəsində ölkəmiz İtaliyanın ən vacib qaz təchizatçılarından biri kimi çıxış edərək, Avropa bazarında etibarlı enerji tərəfdaşı statusunu möhkəmləndirmişdir.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri isə mövcud münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqlədi. Səfər çərçivəsində aparılan müzakirələr göstərdi ki, tərəflər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur və daha da genişlənmək potensialına malikdir.
2020-ci ildə Romada imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ikitərəfli münasibətlərin hüquqi-siyasi bazasını formalaşdıraraq əməkdaşlığın inkişafı üçün yol xəritəsi rolunu oynayıb. Meloninin səfəri isə bu xəritənin praktik nəticələrlə zənginləşdiyini göstərdi.
Görüşlər zamanı vurğulanan əsas məqamlardan biri də qarşılıqlı siyasi etimadın möhkəmliyi oldu. Prezident İlham Əliyev danışıqların uğurlu keçdiyini qeyd edərək, iki ölkə arasında münasibətlərin strateji mahiyyət daşıdığını xüsusi vurğuladı. Eyni zamanda qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığı bildirildi.
Azərbaycan–İtaliya əlaqələri artıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artması, investisiya layihələri, sənaye əməkdaşlığı, eləcə də İtaliyanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr bu münasibətlərin çoxşaxəli xarakterini təsdiqləyir. Bundan əlavə, hərbi-texniki sahədə əməkdaşlıq, texnologiya mübadiləsi və birgə istehsal imkanları da yeni istiqamətlər kimi inkişaf edir.
Humanitar sahədə də əlaqələr genişlənməkdədir. Xüsusilə təhsil sahəsində İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasında elmi və mədəni inteqrasiyanın güclənməsinə xidmət edir. Bu layihə gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İtaliya tərəfi də öz növbəsində Azərbaycanla münasibətlərin strateji xarakterini vurğulayaraq, ölkəmizin Avropa və Asiya arasında mühüm körpü rolunu oynadığını qeyd etmişdir. Enerji, nəqliyyat, sənaye və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi isə qarşılıqlı maraqlara əsaslanan yeni imkanlar yaradır.
Azərbaycan–İtaliya münasibətləri artıq klassik enerji tərəfdaşlığından çıxaraq siyasi, iqtisadi və humanitar sahələri əhatə edən kompleks strateji əməkdaşlıq modelinə çevrilmişdir. Bu inkişafın əsasında dayanan əsas amillərdən biri isə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət və Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş kimi formalaşmasıdır. Meloninin səfəri də bu reallığın növbəti təsdiqi kimi çıxış edir.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru






















