İşğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik.
Azərbaycanın müasir tarixində ən ağır və eyni zamanda ən mühüm səhifələrdən biri ərazi bütövlüyümüzün bərpası ilə bağlıdır. Ölkəmiz uzun illər ərzində işğal və münaqişə ilə üz-üzə qalıb. Bu dövr Azərbaycan xalqı üçün böyük çətinliklərlə yadda qalıb. Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı ölkəmizin keçdiyi tarixi yola diqqət çəkərək bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı 30 il davam edib və Azərbaycan torpaqlarını güc yolu ilə azad edib.
1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenidən bərpa edərkən ölkə ağır vəziyyətlə qarşılaşmışdı. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüşdü. Ölkədə iqtisadi və sosial problemlər də ciddi çətinliklər yaradırdı. Sonrakı illərdə Azərbaycanın qarşısında əsas vəzifələrdən biri güclü dövlət qurmaq, iqtisadiyyatı inkişaf etdirmək və ordunun imkanlarını artırmaq oldu. Ölkənin iqtisadi potensialının gücləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıdı. Dövlət büdcəsinin və iqtisadi imkanların artması müdafiə qabiliyyətinin yüksəldilməsinə də şərait yaratdı. Uzun illər ərzində münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparıldı. Lakin işğal faktı uzun müddət davam etdi. Nəhayət, 2020-ci ildə baş verən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş yaratdı. Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində bir sıra şəhər və kəndlər, o cümlədən Şuşa azad edildi.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan müstəqilliyinin ilk illərində iqtisadi və siyasi baxımdan çox ağır vəziyyətdə olsa da, sonrakı dövrdə inkişaf etməyə və möhkəmlənməyə nail olub. Bu gün ölkə iqtisadi, maliyyə və infrastruktur imkanlarına görə əvvəlki dövrlə müqayisədə tamamilə fərqli vəziyyətdədir. İşğaldan azad edilmiş ərazilərin bərpası isə Azərbaycanın qarşısında duran əsas məsələlərdən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda yollar, hava limanları, enerji və digər infrastruktur obyektləri yaradılır, yaşayış məntəqələri yenidən qurulur. Məqsəd insanların doğma torpaqlarına qayıtması üçün lazımi şəraitin formalaşdırılmasıdır.
Bu gün Azərbaycanın qarşısında yeni mərhələ dayanır. Müharibənin başa çatması ilə yanaşı, azad edilmiş ərazilərin bərpası, iqtisadi həyata qaytarılması və regionda davamlı sülhün möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. 30 il davam edən işğal Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Lakin bu tarix həm də dövlətin çətinliklərdən çıxaraq güclənməsinin nümunəsidir. Müstəqilliyin qorunması, iqtisadi imkanların artırılması və ərazi bütövlüyünün bərpası Azərbaycanın müasir tarixinin əsas hadisələri sırasında yer alır.
Prezident İlham Əliyevin forumdakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi yolun mürəkkəbliyini bir daha göstərir. İşğal dövrü artıq tarixə çevrilib. Qarşıda duran əsas vəzifə isə əldə edilmiş nəticələri qorumaq, azad edilmiş əraziləri inkişaf etdirmək və ölkənin gələcək inkişafını təmin etməkdir.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva
















