image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-179040205377360543_1200x630_-1

İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır

image-legitimaz-810x90

Azərbaycan son illərdə iqtisadiyyatın inkişafı, nəqliyyat infrastrukturunun yenilənməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Bu məsələlər Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəki çıxışında da xüsusi diqqət çəkib. Bu sahənin əhəmiyyəti Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi və mühüm beynəlxalq nəqliyyat marşrutlarının üzərində olması ilə daha da artır. Ölkənin tranzit imkanlarının artırılması üçün son illərdə dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və hava nəqliyyatına böyük investisiyalar yatırılıb. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat istiqamətlərində fəal iştirak edir. Bu layihələrin əsas məqsədi yalnız yüklərin Azərbaycan ərazisindən keçirilməsini təmin etmək deyil. Eyni zamanda ölkəni beynəlxalq ticarət və logistika sistemində daha mühüm bir mərkəzə çevirməkdir.

Azərbaycanın coğrafi mövqeyi bu baxımdan böyük imkanlar yaradır. Şərqdən Mərkəzi Asiya ölkələrindən gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana daxil olur və buradan Qərb istiqamətində hərəkət edə bilir. Digər tərəfdən, Şimal-Cənub marşrutu Azərbaycanı Rusiya, İran və daha geniş regionlarla birləşdirən mühüm nəqliyyat xəttinə çevirir. Müasir dövrdə logistika anlayışı təkcə yolların və dəmir yollarının mövcudluğu ilə məhdudlaşmır. Yüklərin daha sürətli, təhlükəsiz və rahat daşınması üçün limanlar, gömrük sistemi, rəqəmsal texnologiyalar, anbarlar və digər xidmətlər də mühüm əhəmiyyət daşıyır. Bu baxımdan rəqəmsallaşmanın və gömrük idarəçiliyinin nəqliyyat sahəsində xüsusi rolu vardır. Yükün bir ölkədən digərinə çatdırılması zamanı sərhəddə uzun müddət gözləmələrin qarşısının alınması və sənədləşmə proseslərinin sadələşdirilməsi beynəlxalq daşımalarda ölkənin rəqabət qabiliyyətini artırır.

Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın gələcək iqtisadi inkişafında qeyri-neft sektorunun genişləndirilməsi və yeni iqtisadi istiqamətlərin inkişaf etdirilməsi mühüm yer tutur. Logistika, nəqliyyat və bağlantılar da bu istiqamətlərdən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, yaradılmış nəqliyyat infrastrukturu və qonşu ölkələrlə əlaqələri ölkənin tranzit imkanlarının daha da artırılması üçün zəmin yaradır. Əsas məsələ mövcud imkanlardan düzgün istifadə etmək, nəqliyyat dəhlizlərinin səmərəliliyini artırmaq, rəqəmsal texnologiyaları geniş tətbiq etmək və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirməkdir. Beləliklə, yollar, dəmir yolları, limanlar və digər nəqliyyat infrastrukturu yalnız bir ölkədən digərinə gedən marşrutlar deyil. Onlar həm də iqtisadi inkişafı, ticarəti, investisiyaları və insanlar arasında əlaqələri gücləndirən mühüm vasitələrdir. Azərbaycanın qarşısında duran əsas məqsədlərdən biri də bu imkanlardan istifadə etməklə ölkəni regionun mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirməkdir.

 

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki