İqtisadi, ticarət və investisiya əməkdaşlığını, həmçinin texniki dialoqu stimullaşdıran mexanizmi kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verirlər
Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi münasibətlərin davamlı inkişafı maliyyə sektorunda qarşılıqlı etimadın möhkəmləndirilməsini, institusional əlaqələrin genişləndirilməsini və beynəlxalq iqtisadi əməkdaşlıq imkanlarından səmərəli istifadəni zəruri edir. Müasir iqtisadi şəraitdə maliyyə sisteminin dayanıqlılığı, şəffaflığın təmin edilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi dövlətlərarası iqtisadi tərəfdaşlığın mühüm şərtləri hesab olunur. Bu baxımdan, Birgə Bəyannamədə maliyyə sektorunda bilik mübadiləsinin və institusional əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır.
Sənəddə tərəflər müvafiq milli qanunvericiliklərinə və qaydalarına uyğun olaraq, maliyyə sektorunun dayanıqlığını və şəffaflığını gücləndirən, eləcə də beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirən bilik mübadiləsini və institusional əməkdaşlığı asanlaşdırmaq niyyətlərini ifadə edirlər. Bu yanaşma maliyyə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi və müvafiq qurumlar arasında əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Maliyyə sektorunda institusional əməkdaşlığın genişləndirilməsi iqtisadi münasibətlərin daha etibarlı və şəffaf əsaslar üzərində qurulmasına xidmət edir. Xüsusilə, maliyyə institutları arasında təcrübə mübadiləsi, tənzimləmə və nəzarət mexanizmləri üzrə dialoqun inkişafı, beynəlxalq maliyyə standartlarının tətbiqi və kapital bazarlarına inteqrasiya imkanlarının araşdırılması bu sahədə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərini təşkil edir.
Bəyannamədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın roluna xüsusi əhəmiyyət verilməsi də diqqətəlayiqdir. Komissiya iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişaf etdirilməsi, eləcə də müvafiq məsələlər üzrə texniki dialoqun stimullaşdırılması üçün mühüm institusional mexanizm kimi nəzərdə tutulur. Bu platforma iki ölkənin dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsinə, mövcud iqtisadi məsələlərin müzakirəsinə və qarşılıqlı maraq doğuran təşəbbüslərin irəli aparılmasına imkan yaradır.
Bəyannamədə Birgə Hökumətlərarası Komissiyanın investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüslərin irəlilədilməsi üçün əsas platforma kimi istifadə olunmasının nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır. Bu, komissiyanın fəaliyyətinin yalnız mövcud iqtisadi əlaqələrin müzakirəsi ilə məhdudlaşmadığını, eyni zamanda gələcək strateji layihələrin və təşəbbüslərin əlaqələndirilməsinə yönəldiyini göstərir. İnvestisiya sahəsində birgə təşəbbüslərin təşviqi Azərbaycanın iqtisadiyyatına xarici kapitalın cəlb edilməsi, yeni istehsal və xidmət sahələrinin inkişafı, eləcə də biznes əlaqələrinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Orta Dəhlizin inkişafının komissiyanın fəaliyyətində əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki mövqeyinin əhəmiyyətini bir daha ön plana çıxarır. Bu çərçivədə nəqliyyat infrastrukturu, tranzit imkanları və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi üzrə birgə təşəbbüslərin irəlilədilməsi nəzərdə tutulur. Enerji əməkdaşlığının da həmin platformada prioritet istiqamət kimi yer alması iki ölkənin ənənəvi tərəfdaşlıq sahələrinin yeni iqtisadi təşəbbüslərlə tamamlanmasına imkan verir.
Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri


























